Argentinada texnologiya sektorunun tanınmış milyarderləri nüvə müharibəsi, iqlim fəlakəti və ya qlobal iqtisadi böhran ehtimalına qarşı xüsusi sığınacaq inşa etdirirlər.
Cagdas.az bildirir ki, “Financial Times”ın yazdığına görə, layihənin təşəbbüskarı telekommunikasiya, internet, bərpa olunan enerji və biotexnologiya sahələrində sərvət qazanan argentinalı-ispaniyalı iş adamı Martin Varsavskidir.
Bunker And dağlarının ətəyində, Mendosa əyalətində yerləşən və təxminən 32 min hektar ərazini əhatə edən “Huamani” fermasında inşa edilir. Varsavski Argentinanı qlobal münaqişə zamanı nisbətən təhlükəsiz ölkələrdən biri hesab edir. Onun fikrincə, ölkə əsas nüvə dövlətlərindən uzaqda yerləşir və kifayət qədər ərzaq və enerji resurslarına malikdir.
İş adamı hesab edir ki, hətta nüvə müharibəsindən sonra Cənubi Amerika ölkələrində həyatın digər regionlara nisbətən daha uzun müddət davam etməsi mümkündür.
Layihəyə 10 milyon dollar xərclənib
Varsavski fermasını 2023-cü ildə Kind şirkətinin yaradıcısı, milyarder Daniel Lubetski və texnologiya sahibkarı, ABŞ-də Argentinanın səfiri Alek Oksfordla birlikdə alıb. Son iki ildə ərazidə modul evlər, geodezik günbəzlər və uçuş-enmə zolağı yaradılıb. Tikililər günəş panelləri ilə təchiz ediləcək. Əldə olunan enerji böyük dil modelləri ilə işləyən kompüter sistemlərini təmin edəcək. Varsavskinin sözlərinə görə, bu texnologiya qlobal serverlər sıradan çıxsa belə, fermada internetin fəaliyyətini davam etdirməsinə imkan verə bilər. Ərazidə mal-qara da saxlanılacaq. Layihənin iştirakçıları əlavə torpaq sahəsi alaraq kənd təsərrüfatı məhsulları yetişdirməyi də planlaşdırırlar.
Məlumata görə, bunker layihəsinə artıq 10 milyon dollara yaxın vəsait yatırılıb.
Bu, dünyanın varlı şəxslərinin mümkün qlobal fəlakətlərə qarşı hazırladığı ilk belə layihə deyil. Daha əvvəl amerikalı yazıçı Ceyson Orvis də 200 nəfərə qədər insanın yerləşə biləcəyi, ərzaq ehtiyatları, su quyusu, günəş panelləri, istixanalar və digər müstəqil sistemlərlə təchiz edilmiş bunker inşa etdirib.(sfera.az)

















