Qida və Dərman Administrasiyası (FDA) yoğun bağırsaq (kolorektal) xərçənginin müayinəsi üçün daha bir qan testini təsdiqləyib.
Cagdas.az xəbər verir ki, “Freenome” biotexnologiya şirkəti tərəfindən hazırlanan “SimpleScreen CRC” adlı bu test 45 və daha yuxarı yaşda olan şəxslərdə xərçənglə bağlı DNT siqnallarını aşkar etmək üçün nəzərdə tutulub.
Bu, “Guardant Health” şirkətinin “Shield” testindən sonra FDA tərəfindən təsdiqlənən ikinci qan testidir. Yeni testin bu payızda ABŞ-da istifadəyə verilməsi gözlənilir.
Mütəxəssislər bu yeniliyin xərçəngin erkən diaqnostikasında böyük dönüm nöqtəsi olacağını bildirirlər.
“Abbott” şirkətinin xərçəng diaqnostikası üzrə baş tibbi mütəxəssisi Pol Limburg bildirib ki, təxminən 60 milyon amerikalı müayinələrdən geri qalır:
“Hər bir xəstə özünə mühit və rahatlıq baxımından ən uyğun olan testlə müayinə olunmaq hüququna malikdir”.
İlin sonuna yaxın xəstələr həkimlərinə müraciət edərək qan analizi verə biləcəklər. Nümunələr laboratoriyaya göndəriləcək və cavablar təxminən iki həftə ərzində məlum olacaq. Testin cavabı müsbət çıxarsa, diaqnozu təsdiqləmək üçün kolonoskopiya müayinəsi tələb olunacaq.
48,995 nəfərin iştirak etdiyi genişmiqyaslı “PREEMPT CRC” kliniki araşdırmasının nəticələrinə əsasən, “SimpleScreen CRC” testi xərçəng hallarının 81.1%-ni dəqiq müəyyən edib. Şirkətin baş icraçı direktoru Aaron Elliott bildirib ki, bu test süni intellekt dəstəyi ilə xərçəngin fərdiləşdirilmiş diaqnostikası sahəsində ilk kommersiya uğurudur.(referans media)
















