Xalq şairi Nəriman Həsənzadə ötən həftəsonu dünyasını dəyişdi. Azərbaycanda indiyə kimi xeyli “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı almış yazarlar olub. Onların bir çoxu dünyasını dəyişib. Amma hazırda sağ olanlar da var.
Cagdas.az saytı bu fəxri adların sonuncu dəfə kimlərə verildiyini, hazırda həyatda olan “Xalq yazıçısı” və “Xalq şairi” titulu daşıyanların neçə nəfər olduğunu araşdırıb.
“Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 2019-cu ildə öncə imzalanıb.
“Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin Prezidentin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib – Vahid Əziz, Ramiz Rövşən və Musa Yaquba. Üç nəfərə isə “Xalq yazıçısı” adı verilib – Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda.
Hazırda həyata olan titullu AYB üzvlərinin siyahısını təqdim edirik:
“Xalq yazıçısı”
Anar Rzayev
Çingiz Abdullayev
Elmira Axundova
Kamal Abdulla
Natiq Rəsulzadə
Afaq Məsud
“Xalq şairi”
Sabir Rüstəmxanlı
Vahid Əziz
Ramiz Rövşən
Yeri gəlmişkən, hazırda həyatda olan və vaxtilə fəxri ad daşımış bir yazıçı da var – Əkrəm Əylisli. Lakin o, 2013-cü ildə bu addan rəsmən məhrum edilib.
Əkrəm Əylisli “Xalq yazıçısı” fəxri adından məhrum edilən yeganə yazardır. Belə ki, Azərbaycan Prezidentinin 1998-ci il 23 may tarixli fərmanı ilə “Xalq yazıçısı” fəxri adına layiq görülən Əkrəm Əylisli ölkə başçısının 2013-cü il 7 fevral tarixli sərəncamı ilə “Xalq yazıçısı” fəxri adından məhrum edilib. Buna onun qələmə aldığı “Daş yuxular” adlı romanı səbəb olub. Əkrəm Əylislinin 2012-ci ilin dekabrında çap etdirdiyi həmin romanda erməni-azərbaycanlı münasibətlərdən bəhs olunub. Əsərdə ermənilərin tərifləndiyi məqamlar yer alıb.(modern.az)
















