Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı diqqətçəkən açıqlama verib.
Cagdas.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib ki, İrəvan Avrasiya İqtisadi İttifaqı ilə sıx işləməyə davam edəcək.
Onun sözlərinə görə, Ermənistan Aİİ-də artıq geri dönüşü olmayan proseslərin baş verdiyini düşünmür və təşkilatla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Paşinyan qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti prinsipləri üzərində qurulub. O vurğulayıb ki, əgər bu prinsiplər işləmirsə, o zaman Aİİ-nin mövcudluğu da sual altına düşür.
“Bu məsələyə Avrasiya İqtisadi İttifaqı özü aydın cavab verməlidir: o var, ya yoxdur?” – Paşinyan deyib.
Ermənistanın Baş naziri bildirib ki, ölkəsi Aİİ-nin üzvü olaraq təşkilat çərçivəsində fəaliyyətini davam etdirir. Onun fikrincə, hazırda yaranmış vəziyyət hansısa anlaşılmazlıqdan qaynaqlanır.
Paşinyan əlavə edib ki, əgər Aİİ birbaşa və ya dolayı yolla artıq mövcud olmadığını göstərsə, bu halda vəziyyət tamamilə dəyişəcək:
“Əgər birdən Birliyin olmadığı deyilsə, onda nə edə bilərik? Yoxdursa, deməli yoxdur; varsa, var”.
Xatırladaq ki, son günlər Rusiya Avrasiya İttifaqının üzvü kimi Ermənistandan məhsulların ölkəyə buraxılmasına qarşı məhdudiyyətlər tətbiq edir. (modern .az)
















