Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci ildə Azərbaycanla sərhəddə baş verən toqquşmalar zamanı İrəvana dəstək vermədiyini iddia etdiyi Rusiyanı həmin tarixdən etibarən strateji tərəfdaş kimi görmədiklərini bildirib.
Cagdas.az xəbər verir ki, Paşinyan İrəvanda keçirilən mətbuat konfransında Rusiya hökumətini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında Rusiyanın niyə strateji tərəfdaş kimi qeyd olunmadığı barədə suala cavab verən Paşinyan 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə diqqət çəkib.
Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqramında ölkənin Rusiya ilə münasibətlərini “regionda sülhün bərqərar olması üçün yaranmış yeni şərtlər çərçivəsində” yenidən formalaşdıracağı bildirilib. Bununla yanaşı, Rusiya ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq üzrə dialoqun davam etdiriləcəyi qeyd olunub.
Paşinyan proqramı parlamentə təqdim edərkən Ermənistan-Rusiya münasibətlərindəki dəyişikliklərin Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasından sonra yaranan təbii proses olduğunu bildirib.
Rusiya rəsmiləri isə təhlükəsizlik öhdəliklərinin beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağı əhatə etmədiyini və bu öhdəliklərin yalnız Ermənistanın öz ərazisinə aid olduğunu bildirirlər.\sfera.az\
















