Portativ enerji yükləyiciləri (poverbanklar) bəzi hallarda təhlükə yarada və gözlənilən qədər effektiv olmaya bilər.
Cagdas.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri məlumat yayıb.
Nəşrin jurnalistləri poverbankların əsas çatışmazlıqlarını açıqlayıblar. Onların sözlərinə görə, xarici batareyaların ən böyük problemlərindən biri təhlükəsizlikdir. Hətta batareyadakı kiçik zədələr belə risk yarada bilər. Nasaz poverbanklar elektrik vurmasına və yanğına səbəb ola bilər.
Mütəxəssislər istifadəçilərə batareyanın şişməsi, həddindən artıq qızması və ya qəribə, xüsusilə şirin kimyəvi qoxunun yaranması kimi əlamətlərə diqqət etməyi tövsiyə ediblər.
Məlumata görə, əksər portativ enerji yükləyicilərində litium-ion və ya litium-polimer batareyalardan istifadə olunur. Bu batareyalar adətən 300-500 dəfə doldurulma dövrünə hesablanır. Bundan sonra onların tutumu nəzərəçarpacaq dərəcədə azalır.
Nəşr qeyd edib ki, poverbanklar adi kabel adapterləri ilə müqayisədə daha az uzunömürlü ola bilər. Bundan əlavə, portativ batareyalar əksər hallarda naqilli adapterlərin təmin etdiyi yüksək sürətli şarj imkanına malik olmur.
Bu xüsusilə böyük batareyalı və 100 vattdan yuxarı sürətli şarjı dəstəkləyən müasir Android smartfonları üçün daha çox hiss olunur.
Daha əvvəl MakeUseOf nəşrinin müəllifləri bildirmişdilər ki, poverbankların üzərində göstərilən nominal tutum əksər hallarda real göstərici ilə üst-üstə düşmür. Buna görə də istifadəçilər nəzərdə tutulduğundan daha az enerji əldə edə bilirlər.(sfera.az)
















