“Qalatasaray”ın transfer gündəmində olan İsmaila Sarrla bağlı diqqətçəkən iddia ortaya çıxıb. Seneqallı ulduzun “Qalatasaraya getmək istəyirəm” deyərək “Kristal Pelas” rəhbərliyinə təzyiq göstərdiyi bildirilir. Sarı-qırmızılıların isə futbolçu üçün bonuslarla birlikdə 50 milyon avroluq paket təklif etdiyi iddia olunur.
İddiaya görə, 28 yaşlı futbolçu “Kristal Pelas” rəhbərliyi və məşqçilər korpusu ilə görüşündə komandadan ayrılmaq istədiyini açıq şəkildə bildirib.
Cagdas.az xəbər verir ki, Sarrın klub rəsmilərinə belə dediyi iddia olunur: “Ötən mövsüm İngiltərə Kubokunu və Konfrans Liqasını qazandıq. Burada artıq hədəfim qalmayıb. Karyeramda ilk dəfə Çempionlar Liqasında oynamaq istəyirəm. Buraxın, gedim.”
Seneqallı futbolçunun əsas məqsədinin “Qalatasaray”a transfer olmaq və karyerasında yeni səhifə açmaq olduğu bildirilir. Sarrın transfer tələbinə diqqətçəkən addımla dəstək verdiyi də irəli sürülüb. Ulduz futbolçunun “Kristal Pelas”ın məşqlərində və oyunlarında iştirak etmədiyi iddia olunur. İngiltərə klubunun baş məşqçisi Pyer Saj isə Sarrı komandada saxlamaq istədiklərini açıqlayıb. Buna baxmayaraq, futbolçunun “Qalatasaray”a keçmək qərarından geri çəkilmədiyi bildirilir.
“Qalatasaray”ın Sarr üçün “Kristal Pelas”a 35 milyon avro zəmanətli transfer haqqı təklif etdiyi iddia olunur. Təklifin əlavə şərtlərində isə 5 milyon avro – Çempionlar Liqasının əsas mərhələsində ilk 24-lüyə daxil olma bonusu, 10 milyon avro – Çempionlar Liqasında 1/4 finala yüksəlmə bonusu nəzərdə tutulduğu bildirilir. Beləliklə, bütün bonusların reallaşması halında transfer paketinin ümumi dəyəri 50 milyon avroya çata bilər.
İngiltərə klubunun isə Sarr üçün 60 milyon avro tələb etdiyi bildirilir. Tərəflər arasında əsas problemin məhz transfer məbləği olduğu qeyd olunur. “Qalatasaray”ın “Kristal Pelas”ın cavabını cümə axşamına qədər gözləyəcəyi, İngiltərə klubunun tələbindən geri addım atmaması halında isə alternativlərə yönələcəyi iddia edilir. Sarr transferi baş tutmasa, cinah üçün Rafael Leao, hücum xətti üçün isə Ermedin Demiroviç variantlarının yenidən gündəmə gələcəyi bildirilir\referans media\
















