Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni konstitusiya islahatları çərçivəsində formalaşdırılan 145 deputatdan ibarət Kurultayın ilk iclasının keçiriləcəyi tarixlə bağlı fərman imzalayıb.
Cagdas.az xəbər verir ki, fərmana əsasən, Qazaxıstan Respublikası Birinci Çağırış Kurultayının ilk iclası 28 avqust 2026-cı il saat 11:00-da Astana şəhərində keçiriləcək.
Yeni konstitusiya quruluşuna əsasən fəaliyyət göstərəcək Kurultayın əsas səlahiyyətləri konstitusiya qanunlarının, eləcə də vətəndaş hüquqları, vergi, dövlət büdcəsi, təhsil, səhiyyə, ekologiya və təhlükəsizlik sahələrində qanunların qəbul edilməsini əhatə edir.
Bununla yanaşı, Kurultay hökumətin və Ali Audit Qurumunun hesabatlarını dinləyəcək, baş nazir postuna namizədi təsdiqləyəcək və prezidentin müavininin təyinatına razılıq verəcək.
Xatırladaq ki, Qazaxıstanda 15 mart 2026-cı ildə keçirilən referendumun nəticələrinə əsasən, 1995-ci ildən fəaliyyət göstərən iki palatalı parlament sistemi (Məclis və Senat) ləğv edilərək onun yerinə təkpalatalı Kurultay yaradılıb.
Avqustun 23-də keçirilən seçkilərin yekununa görə, seçki baryerini aşan beş siyasi partiya Kurultayda təmsil olunmaq hüququ qazanıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, “Adilet” Partiyası 110, “Auıl” Partiyası 10, “Respublika” Partiyası 9, “Ak Jol” Partiyası 8, Qazaxıstan Sosial Demokratlar Partiyası isə 8 mandat əldə edib. “Xalq Partiyası” və “Baytaq” Partiyası isə 5 faizlik baryeri keçə bilməyərək parlamentdən kənarda qalıb.
Yeni seçilmiş deputatlar beş il müddətinə proporsional seçki sistemi əsasında fəaliyyət göstərəcəklər.
















