İki nəfərin ölümü ilə gündəmə gələn “Şəki yaylası” istirahət mərkəzi ziplayn xətlərinin qırılması ilə bağlı iddialara cavab verib.
Cagdas.az Oxu.az-a istinadla xəbər verir ki, mərkəzin “Instagram” səhifəsində hadisə ilə bağlı açıqlama yayımlanıb.
Açıqlamada əvvəlcə hadisə zamanı həyatını itirən Ucal Bayramov və Coşqun Məmmədova Allahdan rəhmət, ailələrinə səbir dilənilib.
İstirahət mərkəzindən bildirilib ki, ziplayn xətlərində hər hansı qırılma baş verməyib:
“Gördüyünüz kimi, ziplayn xətlərində heç bir qırılma yoxdur. Xətlər tamamilə sağlamdır və öz yerlərindədir. Bu xətlər çox hündürdən keçdiyi üçün həmin məsafələrdə və hündürlüklərdə sərt küləklər, burulğanlar ola bilir. Bu burulğanlar xətlərdə dalğalanmalar yaradır. Nəticədə xətlər böyük yük altında olmasına baxmayaraq, öz yataqlarından çıxıb”.
Mərkəzdən qeyd olunub ki, xətlərin bağlantıları beton konstruksiyaların içərisində yerləşən dəmir hissələrə bərkidilir və mütəmadi yoxlanılır.
Açıqlamada ziplayn avadanlıqlarının İtaliya istehsalı “Megazip” markalı olduğu, istifadə edilən qoşqu və kəmərlərin isə müvafiq sertifikatlara malik olduğu bildirilib.
İstirahət mərkəzinin nümayəndəsi hadisə zamanı hər iki gəncin eyni anda həyatını itirməsinin səbəbini də açıqlayıb:
“Xətlərin biri gəliş, biri gediş nöqtəsindədir və eyni qülləyə bağlıdır. Bu dalğalanma hər iki xətt üzərində olduğu üçün hər iki hadisə eyni vaxtda, fərqli iki xəttin üzərində baş verib”.
Bildirilib ki, istifadə olunan karabinlər ikiqat kilid sisteminə malikdir və onların öz-özünə açılması mümkün deyil. Hər birinin 1 000 kiloqrama qədər yükdaşıma qabiliyyətinə malik olduğu qeyd edilib.
Mərkəzdən iddia olunub ki, qəza zamanı avadanlıqlarda qırılma və ya çıxma baş verməyib:
“Heç bir avadanlıqda qırılma və ya çıxma baş verməyib, sadəcə yaranan dalğa bu mexanizmi xəttin üzərindən atıb”.
İstirahət mərkəzindən ziplaynın Azərbaycanda nisbətən yeni və ekstremal idman növü olduğu və hadisənin səbəbləri ilə bağlı istehsalçı şirkətə də sorğular göndərildiyi vurğulanıb:
“Bilirsiniz ki, bu, Azərbaycanda yenilikdir, ekstremal idman növüdür və burada təcrübəyə tam malik deyilik. Çox təəssüf ki, belə acı təcrübələr başımıza gəldiyi üçün hansı təhlükəsizlik tədbirlərinin artırılmalı və necə davranılmalı olduğunu bu acı təcrübə ilə öyrəndik”.
Sonda istirahət mərkəzindən faciəyə görə üzr istənilib və belə hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlərin görüləcəyi bildirilib:
“Deyilən heç bir söz, verilən heç bir açıqlama o gəncləri həyata qaytarmayacaq. Yaranan bu dəhşətli faciəyə görə cəmiyyətdən, rəhmətə gedənlərin ailələrindən üzr istəyir, bu tip hadisələrin ölkəmizdə bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyimizə söz veririk”.
















