İnstaqramda fəaliyyət göstərən “baxbunubilmirdin” səhifəsi Qəbələ Radiolokasiya Stansiyası (RLS) barədə sensasion iddia ilə çıxış edib. Videoda bildirilir ki, 1976-cı ildə həmin stansiyanın qeydə aldığı yanlış siqnal dünyanı nüvə müharibəsinin astanasına gətirib.
Bu məlumatların tarixi faktlarla üst-üstə düşmədiyini deyənlər də var. Bəs gerçək necədir?
Cagdas.az -a danışan tarixçi alim Zaur Əliyev deyib ki, Qəbələ RLS-lə bağlı yayılan bu kimi iddialar əsasən şayiə olur:
“Bu RLS yaradılan zaman rayonda ciddi araşdırmalar aparılıb. Qeyd edim ki, Qəbələ 41,1° şimal enliyində yerləşir ki, bura da çox sakit və dinc yer idi. Qəbələ SSRİ üçün “ən hündür yer” yox, ən az səs-küylü müşahidə nöqtəsi idi. 1978-ci ildə keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin obyektlərinin tərkib hissəsi kimi tikilib və 1985-ci ildən istifadə edilib. Bura haqda xeyli şayiə yayılıb, lakin çoxu əsassızdır. Qəbələ RLS dövrü üçün güclü hərbi-texniki obyekt olub, lakin “Yer kürəsinin yarısını zəhərləyən”, kütləvi xəstəlik və genetik fəsadlar yaradan qurğu kimi təqdim edilməsi elmi əsaslara söykənmir. Eyni zamanda buranın fantastik gücü barədə də deyilənlər şayiədir. Burada olan radarlar hava nəqliyyatını və ya digər obyektləri idarə etmir, sadəcə müşahidə edir. Təyyarələrin hərəkətini dayandırmaq, texnikanı məsafədən sıradan çıxarmaq kimi iddialar elmi və texniki reallığa uyğun deyil. Təbii ki, elektromaqnit dalğalarının insan orqanizminə zərəri var, lakin radiolokasiyada daha çox uzun dalğalardan istifadə edildiyi üçün bunun ziyanı indiki mobil rabitə siqnallarının ziyanı ilə müqayisə olunandır”.
Z.Əliyevin sözlərinə görə, Qəbələ RLS raket hücumundan müdafiə sisteminin bir elementi olub:
“Mərkəzi Moskva yaxınlığında yerləşən sistemdə 11, ya da 13 belə radiolokasiya stansiyası olub. Texniki parametrlərinə görə, Qəbələ RLS 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bu stansiya İran, Türkiyə, Hindistan daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya bu ərazilərdən atılmış ortamənzilli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən etmək imkanına malikdir. Bu ərazilərdən atılan nüvə başlıqlı qitələrarası ballistik raketlərin buraxılışını ilk andan aşkar edib, trayektoriyasını izləyə bilirdi”.
Zaur Əliyev onu bildirib ki, 1991-ci ildəki “Səhrada fırtına” əməliyyatı zamanı Qəbələ RLS ABŞ-a məxsus gəmilər və təyyarələrdən buraxılan 302 qanadlı raketi qeydə alıb:
“Buranın guya Üçüncü Dünya müharibəsinin qarşısının alması ilə bağlı deyilənlər isə şayiədir. 1976-cı ilə aid “üçüncü dünya nüvə” hadisəsi ilə bağlı heç bir sənədli və ya tarixi sübut yoxdur. Bu, Soyuq müharibə dövrünün gərginliyi ilə bağlı yaranmış əfsanədir”.(Globalinfo.az)
















