2026-cı ilin ilk 6 ayı ərzində gömrük nəzarəti prosesində mədəni, tarixi və ya arxeoloji sərvət hesab olunan əşyaların qanunsuz dövriyyəsi faktı müəyyən edilməyib.
Cagdas.az bildirir ki bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitədən verilən məlumata görə, hesabat dövründə qanunsuz yolla ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması cəhdinin qarşısı alınan mədəni, tarixi və ya arxeoloji sərvət aşkarlanmayıb.
DGK-dan dövlət sərhədində gömrük orqanları tərəfindən aşkar edilən və müsadirəsi nəzərdə tutulan predmetlərlə bağlı prosedura da aydınlıq gətirilib.
Qeyd edilib ki, əmlakın müsadirəsi yalnız məhkəmə qərarı əsasında həyata keçirilir.
“İnzibati Xətalar Məcəlləsinin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” fəslinin 479, 480, 481, 482, 496, 499, 502, 503, 504, 507 və 508-ci maddələrində inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsi nəzərdə tutulub. Gömrük orqanları tərəfindən bu tip predmetlər yalnız qanunsuz dövriyyədən çıxarılaraq hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilir və müsadirə yalnız məhkəmə tərəfindən tətbiq olunur”, – deyə rəsmi məlumatda vurğulanıb.
















