Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə yalnız təhlükəsizlik və siyasi əməkdaşlıq platforması ilə deyil, eyni zamanda dünya iqtisadiyyatında ciddi çəkisi olan qurumlardan birinə çevrilib.
Cagdas.az xəbər verir ki, hazırda ŞƏT-in 10 üzvü var. Bunlar Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusdur. Hindistan və Pakistan 2017-ci ildə, İran 2023-cü ildə, Belarus isə 2024-cü ildə təşkilata tamhüquqlu üzv olub.
ŞƏT ölkələrinin əhalisi təxminən 3,4 milyard nəfərdir ki, bu da dünya əhalisinin 42 faizindən çoxuna bərabərdir. Təşkilata üzv dövlətlər Avrasiya ərazisinin 65 faizindən çoxunu əhatə edir. Rəsmi ŞƏT məlumatlarında üzv ölkələrin ümumi nominal ÜDM-nin 26 trilyon dollardan çox, dünya iqtisadiyyatındakı payının isə təxminən dörddə bir olduğu bildirilir. Alıcılıq qabiliyyəti paritetinə görə isə onların dünya ÜDM-indəki payı üçdə birdən çoxdur.
2025-ci il üzrə nominal ÜDM göstəricilərinə əsasən, ŞƏT ölkələrinin ümumi iqtisadi istehsalı təxminən 27,5 trilyon dollar təşkil edir. Bu, dünya iqtisadiyyatının təxminən 23 faizini təşkil edir.

Qeyd: Hesablamada 2025-ci il nominal ÜDM göstəricilərindən istifadə olunub, ayrı-ayrı ölkələr üzrə mənbələr arasında kiçik fərqlər ola bilər.
Rəqəmlər göstərir ki, ŞƏT-in iqtisadi potensialının əsas hissəsini cəmi üç ölkə – Çin, Hindistan və Rusiya formalaşdırır. Təkcə Çinin iqtisadiyyatı təşkilata üzv digər doqquz ölkənin böyük hissəsinin ümumi iqtisadiyyatından dəfələrlə böyükdür.
Çinin 2025-ci ildə nominal ÜDM-i təxminən 19,6 trilyon dollar, Hindistanın ÜDM-i 3,9 trilyon dollar, Rusiyanın iqtisadiyyatı isə 2,6 trilyon dollar səviyyəsində qiymətləndirilir.
ŞƏT ölkələri eyni zamanda dünyanın ən böyük idxal bazarlarından bir neçəsini özündə birləşdirir.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BMT ticarət məlumatlarının mövcud olan ən son göstəricilərinə əsasən, Çinin mal idxalı 2024-cü ildə 2,47 trilyon dollar, Hindistanın idxalı isə 721,2 milyard dollar olub. Pakistanın idxalı 56,5 milyard, Qazaxıstanın 60,4 milyard, İranın isə 68,6 milyard dollar təşkil edib.
Özbəkistanın 2025-ci ildə idxalı isə 47,4 milyard dollara çatıb. Ölkənin idxalında Çin 14,8 milyard, Rusiya 8,6 milyard, Qazaxıstan isə 3,4 milyard dollarla əsas tərəfdaşlar olub.
Qırğızıstanda isə 2025-ci ildə idxal 12 milyard dollar təşkil edib. Bunun 4,8 milyard dolları Çinin, 2,6 milyard dolları Rusiyanın, 1,2 milyard dolları isə Qazaxıstanın payına düşüb.
Bu göstəricilər ŞƏT daxilində iqtisadi əlaqələrin də kifayət qədər güclü olduğunu göstərir. Məsələn, Özbəkistanın 2025-ci ildə ŞƏT ölkələri ilə ticarət dövriyyəsi 40,6 milyard dollara çatıb və bu ölkələr Özbəkistanın ümumi idxalının 63,3 faizini formalaşdırıb.
ÜTT-nın məlumatına görə, 2025-ci ildə dünya üzrə mal ticarətinin ümumi idxal həcmi təxminən 26,7 trilyon dollar olub.
ŞƏT-in əsas iqtisadiyyatlarının idxal göstəriciləri isə trilyonlarla dollarla ölçülür. Təkcə Çin, Hindistan, Pakistan, Qazaxıstan, İran, Özbəkistan və Qırğızıstan üzrə mövcud son məlumatların cəmi 3,4 trilyon dollardan çoxdur. Rusiya, Belarus və Tacikistanın da əlavə olunması ilə ŞƏT məkanının qlobal idxal bazarında çəkisinin daha da artdığı görünür.
Beləliklə, ŞƏT-ə yalnız siyasi və təhlükəsizlik prizmasından baxılmamalıdır. Təşkilat dünyanın ən çox əhalisinə sahib ölkələri birləşdirir, bundan başqa nəhəng sənaye və enerji istehsalçılarını, sürətlə böyüyən iqtisadiyyatları və böyük istehlak bazarlarını bir araya gətirir.
ŞƏT-in üstünlüyü yalnız ümumi ÜDM-in böyüklüyündə deyil. Təşkilatın daxilində Çin kimi sənaye və ixrac nəhəngi, Hindistan kimi sürətlə böyüyən böyük istehlak bazarı, Rusiya və Qazaxıstan kimi enerji və xammal istehsalçıları, İran kimi böyük regional bazar, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri yerləşir.
Bu struktur ŞƏT daxilində iqtisadi tamamlayıcılıq imkanlarını artırır. Bir ölkənin enerji və xammal resursları digər ölkənin sənaye istehsalı, texnologiyası və istehlak bazarı ilə birləşə bilər.
2025-ci ildə ŞƏT ölkələrinin ümumi iqtisadi artımının təxminən 5 faiz olduğu bildirilir. Bu göstərici həmin il üzrə qlobal iqtisadi artımdan (3,4 faiz) yüksəkdir.
ŞƏT hazırda qlobal ticarətdə trilyonlarla dollarlıq dövriyyəyə malik böyük iqtisadi platformadır. Bu göstəricilər təşkilatın gələcəkdə nəqliyyat, enerji, logistika, investisiya və qarşılıqlı ticarət layihələrində daha böyük rol oynaya biləcəyini göstərir.\sfera.az\
















