Alimlər bildirirlər ki, Avstraliya qitəsi hər il təxminən 7 santimetr sürətlə Asiyaya doğru hərəkət edir. Bu tektonik proses milyonlarla il davam edəcəyi təqdirdə, gələcəkdə “Amasiya” (Amasia) adlandırılan yeni superqitənin formalaşmasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, bu proses Yer kürəsinin coğrafiyasını, iqlimini və biomüxtəlifliyini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Cagdas.az xəbər verir ki, Avstraliyanın Curtin Universitetindən professor Çjen-Syanq Li və komandası tərəfindən aparılan araşdırmaya görə, Hind-Avstraliya tektonik plitəsinin hərəkəti nəticəsində qitə hər il təxminən 7 santimetr sürətlə şimala, Asiya istiqamətində irəliləyir.
Bu proses Avstraliyanın təxminən 80 milyon il əvvəl Antarktidadan ayrılmasından sonra başlayıb və hazırda da davam edir. Uzunmüddətli perspektivdə bu hərəkətin Cənub-Şərqi Asiya ilə plitələrin toqquşmasına səbəb olacağı bildirilir.
Alimlərin proqnozuna görə, qitələrin birləşməsi nəticəsində gələcəkdə “Amasiya” adlı yeni superqitə formalaşa bilər. Bunun baş verməsi üçün isə on milyonlarla, hətta yüz milyonlarla il tələb olunacağı vurğulanır.
Tədqiqatçılar hesab edirlər ki, belə bir dəyişiklik yeni dağ silsilələrinin yaranmasına, güclü zəlzələlərin və vulkanik aktivliyin artmasına səbəb ola bilər. Həmçinin okean axınları və musson sistemləri dəyişə, bəzi bölgələrdə isə geniş quraqlıq sahələri yarana bilər.
Qitənin davamlı hərəkəti müasir texnologiyalara da təsirsiz ötüşmür. 2016-cı ildə aparılan ölçmələr zamanı Avstraliyanın koordinatlarında tektonik hərəkət nəticəsində 1,5 metrlik fərq aşkar edilib.
Buna görə ölkənin rəsmi koordinat sistemində təxminən 2 metrlik düzəliş edilib. Mütəxəssislər bildirirlər ki, bu cür yeniləmələr edilməsə, GPS, pilotsuz nəqliyyat vasitələri, aviasiya və xəritələşdirmə sistemlərində ciddi səhvlər yarana bilər.
Alimlər qeyd edirlər ki, Avstraliyaya məxsus koala, kenquru, vombat və ördəkburun kimi endemik növlər gələcəkdə Asiya ilə quru əlaqəsi yarandığı halda yeni yırtıcılar və rəqib növlərlə qarşılaşa bilərlər.
Onların fikrincə, iqlim dəyişikliyi, yaşayış mühitinin dəyişməsi və invaziv növlərin yayılması birlikdə bu canlıların bir hissəsinin nəsli kəsilmə təhlükəsini artıra bilər. Bununla yanaşı, Böyük Sədd rifinin ekosistemində də ciddi dəyişikliklərin baş verməsi ehtimal olunur./Musavat.com
















