AQTA yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb. Söhbət Məlik Bağırzadənin Türkiyədən idxal etdiyi “Cosmoactive İlaç Anonim Şirketi”nin istehsalı olan “Bilgam” adlı bioloji aktiv qida məhsulundan gedir.
Məhsulun etiket məlumatlarında “Vitamin B12” göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.
Qeyd edək ki, bioloji aktiv qida məhsulları (BAQM) orqanizmin ehtiyacı olan gündəlik vitamin, mineral və digər vacib qida maddələrini tamamlamasına kömək edir. Kalsium, D vitamini, fol turşusu, omega-3 və B vitaminləri sümüklərin, ürək-damar sisteminin, beyin və ümumi inkişafın dəstəklənməsində mühüm rol oynayır.
BAQM uşaqlar, böyüklər və yaşlılarda sağlam funksiyaların qorunmasına yardımçı olur. Sümük möhkəmliyi, enerji mübadiləsi, hamiləlikdə sağlam inkişaf, immun sistem dəstəyi və yaşla bağlı dəyişikliklərdə əlavə müdafiə kimi təsirlərə malikdir. Həkimlər tövsiyə edir ki, BAQM qidalanmanı əvəz etmir və qəbul edilməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Musavat.com-a şərhində bildirib ki, BAQM müalicə vasitəsi deyil. Lakın onun sözlərinə görə, bu maddələr hər kəs üçün uyğun da deyil: “Əgər istifadə olunacaqsa, analiz verilərək, həqiqətən həmin maddənin orqanizmdə az olmasını bildiyi halda peşəkar mütəxəssislər tərəfindən təyin olunmalıdır. Əks halda, insan orqanizmində bir çox zərəri ola bilər.
Yaxşı olar ki, dövlət nəzarətindən keçən, doğru texnologiya ilə istehsal olunan yerlərdən alınsın. Əksər hallarda mənşəyi bəlli olmayan məhsulların, ağır metalların, pestisidlərin olması və prosedur zamanı bir çox mikro-bioloji çirklənməyə yol verilməsi həmin məhsulların insan orqanizmində fəsadlar törətməsinə səbəb ola bilər. Eləcə də BAQM orqanizm üçün parçalanma və sorulma xüsusiyyətlərinə malik olmalıdır və buna aidiyyəti qurumlar tərəfindən nəzarət edilməlidir.
Bir çox halda bu məhsulları xarici ölkələrdən nəzarətdən keçməyən yerlərdən yaxud onlayn satış platformalarından alırlar ki, bu da daha təhlükəli nəticəyə gətirib çıxarır. Mineral çatışmazlığı olan şəxslər –hamilələr, yaşlılar, xüsusi qidalanma ehtiyacı olan insanlar, balanslı qidalana bilməyən yeniyetmə və gənclər keyfiyyətli BAQM-dan istifadə edə bilərlər. Lakin hamilələr, süd verən qadınlar, qaraciyər və böyrək xəstəlikləri olan, xroniki xəstəlikləri olub digər dərmanlar qəbul edənlər, xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edənlər, daha diqqətli olmalıdırlar. Bəzən “bitki tərkibli”, “təbii” sözləri insanları aldadır. Bu baxımdan daha diqqətli olmaqda fayda var.(referans media)
















