Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsinin imzalanması və sənədin ratifikasiyasına diqqət yetirilməli olduğunu bildirib. O, müqavilənin imzalanmasını Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təmin edilməsi baxımından vacib sayıb. Paşinyan bu barədə sosial şəbəkələrdə paylaşdığı videomüraciətində danışıb.
“Bu baş verdikdən sonra Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoyduğumuzu deyə biləcəyik”,- baş nazir vurğulayıb. Paşinyan bu fikrini “İlk dəfədir ki, tarixi təkrarlamır, onu yaradırıq” bəyanatı ilə əlaqələndirib.
Cagdas.az -a açıqlamasında sabiq səfir Nəsib Nəsibli bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması hər iki ölkənin maraqlarına uyğundur.
Onun fikrincə, bu addım Cənubi Qafqazda Rusiyanın təsirinin azalmasına, regionda sabitlik və əməkdaşlıq mühitinin genişlənməsinə töhfə verə bilər.
Nəsib Nəsibli qeyd edib ki, Ermənistan sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Onun sözlərinə görə, bu, rəsmi İrəvana Rusiyanın təsirindən daha tez uzaqlaşmaq imkanı verə bilər.
Sabiq diplomat hesab edir ki, sülh sazişinin imzalanması Azərbaycanın da maraqlarına uyğundur:
“Sülh müqaviləsinin tezliklə imzalanması hər iki dövlətin xeyrinə olardı. Ümumiyyətlə, bu, Cənubi Qafqazda Rusiyanın nüfuzunun azalması deməkdir. Həm də gələcəyə inamın yaranması və sabitliyin bərqərar olması üçün bir zəmin olardı”.

Nəsib Nəsibli sülh müqaviləsinin harada imzalana biləcəyi məsələsinə də münasibət bildirib:
“Sülh müqaviləsinin imzalanması prestijli məsələdir. Belə bir sənədə ev sahibliyi etmək böyük dövlətlər və beynəlxalq mərkəzlər üçün siyasi nüfuz baxımından əhəmiyyət daşıyır. Moskva, Vaşinqton, Strasburq və Brüssel bu prosesdə öz rolunu önə çıxarmaqda maraqlı ola bilər”.
Sabiq səfirin fikrincə, ən məqsədəuyğun variant sülh müqaviləsinin birbaşa Azərbaycanla Ermənistan arasında, iki ölkənin sərhəd bölgələrindən birində imzalanmasıdır.
“Ən yaxşısı odur ki, müqavilə elə Azərbaycanla Ermənistan arasında, bir sərhəd bölgəsində imzalansın”, – deyə o bildirib.
Nəsib Nəsibli vurğulayıb ki, sülh sazişi artıq paraflandığı üçün prosesin məntiqi sonluğa çatdırılması, ardınca isə regionda sabitliyin və əməkdaşlığın genişləndirilməsi istiqamətində addımların atılması vacibdir:
“Biz Paşinyanın mövqelərinin möhkəmlənməsinə çalışmalıyıq. Çünki Paşinyan mənim bildiyim yeganə yüksək dövlət vəzifəsi tutan ciddi siyasətçidir ki, qondarma soyqırımı əfsanəsini təkzib edib, Türkiyə və Azərbaycana ərazi iddialarından imtina edib. Belə bir adamın Ermənistanda hakimiyyətinin möhkəmlənməsi Azərbaycanın da uzunmüddətli maraqlarına uyğundur”, – deyə sabiq diplomat qeyd edib.\modern.az\



