Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən mühüm sənədlərdən biri hesab olunur. Bəyannamə iki ölkənin qarşılıqlı dəstəyini, təhlükəsizlik sahəsində əməkdaşlığını və ümumi maraq doğuran regional və beynəlxalq məsələlərdə mövqelərinin əlaqələndirilməsini nəzərdə tutur. Bəs Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyənin bir-birinə qarşı konkret öhdəlikləri nələrdir? Hər hansı təhlükə və ya təcavüz halında tərəflər hansı addımları atmalıdır? Eyni zamanda, beynəlxalq təşkilatlarda və regional məsələlərdə Bakı və Ankara hansı hallarda birgə mövqe nümayiş etdirməlidir?
Cagdas.az bildiriri ki mövzunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a şərh edib.
O, təcavüzə qarşı dövlətlərin birgə mübarizə aparmalı və düşmənə qarşı vahid mövqe nümayiş etdirməli olduğunu bildirib:
“Azərbaycan və Türkiyə arasında imzalanmış ən vacib və önəmli sənədlərdən biri Şuşa Bəyannaməsidir.
Dediyiniz məsələyə gəldikdə isə sənədlərdə açıq-aydın göstərilib ki, hər hansı bir dövlətə qarşı təcavüz olarsa, digər dövlət həmin təcavüzün qarşısının alınmasında iştirak edəcək. Yəni söhbət ondan gedir ki, əgər Türkiyəyə hücum olarsa, Azərbaycan Türkiyənin yanında olacaq, əgər Azərbaycana hücum olarsa, Türkiyə Azərbaycanın yanında olacaq. Bu sənədin ən önəmli və vacib tərəflərindən biri də məhz budur — bir-birinə dəstək olmaq, bir-birinin yanında olmaq.
Bu, çox önəmli sənəddir və mühüm məsələdir. Həm Azərbaycan, həm də Türkiyə tərəfindən bu, vacib bir məsələdir. Biz bunun nəticələrini hələ bu sənəd imzalanmazdan əvvəl gördük. Yəni Qarabağ müharibəsində Türkiyənin bizim yanımızda olması, bizim zəfərimizdə, qələbəmizdə həddən artıq böyük rol oynadı və öz təsirini çox böyük şəkildə göstərdi.
Ona görə də bu sənəddə həmin məsələ çox vacib bir bənd kimi öz əksini tapıb. Təcavüzə qarşı dövlətlər birgə mübarizə aparmalı və düşmənə qarşı vahid mövqe nümayiş etdirməlidirlər”.
















