Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bir çox tələbə ya otaq yoldaşı axtarmağa məcbur qalır, ya da hələ də büdcəsinə uyğun mənzil tapa bilmir. Əmlak ekspertləri isə bildirirlər ki, sentyabr ayında universitetlər açıldıqdan sonra tələbin daha da artacağı gözlənilir və bu, kirayə bazarında qiymətlərə əlavə təzyiq göstərə bilər.
Xüsusilə Elmlər Akademiyası, 28 May, Nərimanov və Gənclik kimi ali təhsil müəssisələrinə yaxın ərazilərdə kirayə mənzillərin qiymətləri diqqət çəkir. Hazırda bu ərazilərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı əksər hallarda 500 manatdan başlayır. Bəs kirayə bazarında yaranmış bu vəziyyətin əsas səbəbləri nələrdir? Sentyabr ayında qiymətlər daha da arta bilərmi?
Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı daşınmaz əmlak eksperti Ramil Osmanlı Modern.az-a açıqlama verib.
O, yeni tədris ili ərəfəsində tələbələrin münasib qiymətə kirayə mənzil tapmasının daha da çətinləşdiyini bildirib:
“Ölkədə, xüsusilə Bakı şəhərində son illərdə kirayə mənzil problemi getdikcə daha da ciddiləşir. Kirayə bazarında münasib qiymətə mənzillərin sayı azalır, təklif daralır, buna baxmayaraq tələb yüksək olaraq qalır.
Bunun əsas səbəblərindən biri şəhərsalma layihələri çərçivəsində bir və iki mərtəbəli fərdi yaşayış evlərinin, eləcə də köhnə çoxmənzilli binaların mərhələli şəkildə sökülməsidir. Nəticədə köhnə və nisbətən əlçatan yaşayış fondu azalır, onun yerini isə daha bahalı yeni tikililər tutur. Bu da bazarda münasib qiymətə kirayə mənzil təklifinin azalmasına səbəb olur.
Digər mühüm amil söküntü nəticəsində evlərini itirən vətəndaşların müəyyən müddət ərzində kirayə bazarına yönəlməsidir. Bununla yanaşı, son illərdə xaricdən gələn şəxslərin və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların sayının artması da kirayə mənzillərə tələbi yüksəldən əsas faktorlardan biridir.
Bütün bu səbəblər kirayə mənzil bazarında qiymət artımını şərtləndirir. Xüsusilə yeni tədris ili ərəfəsində tələbələrin münasib qiymətə kirayə mənzil tapması daha da çətinləşir və bazarda bu istiqamətdə problemlər daha qabarıq şəkildə hiss olunur.
Hesab edirəm ki, mövcud vəziyyət yaxın bir neçə il ərzində də davam edəcək. Gələcəkdə hökumətin kirayə mənzil bazarında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, özəl sektoru bu sahəyə daha fəal cəlb etmək üçün müəyyən təşviq mexanizmləri tətbiq etməsi mümkündür. Lakin hazırda bazarda əsas mənzərə dəyişməyib: xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə kirayə mənzil təklifi məhduddur, tələb isə yüksək olaraq qalır. Nəticədə kirayə qiymətlərində artım tendensiyası davam etməkdədir”.
















