Avropanın ən böyük hava limanlarından birində baş verən hadisə yoluxucu xəstəliklərin qloballaşan dünyada sərhəd tanımadığını bir daha göstərib.
Cagdas.az xəbər verir ki, Almaniyanın Frankfurt hava limanında iki əməkdaş malyariyadan ölüb, daha dörd nəfər isə bu xəstəlikdən müalicə olunub.
6 hava limanı işçisinin yoluxduğu hadisə qeyri-adi epidemioloji ssenari ilə bağlıdır: xəstələrin heç birinin malyariyanın geniş yayıldığı ölkələrə səyahət etmədiyi bildirilir.
Almaniya mətbuatı yazır ki, Robert Kox İnstitutu (RKI) və Frankfurt səhiyyə orqanları xəstəliyin hava limanına təyyarə ilə gətirilmiş, malyariya parazitini daşıyan Anopheles cinsli ağcaqanad vasitəsilə yayılmış ola biləcəyini araşdırır.
Frankfurt hava limanında xüsusi ağcaqanad tələləri quraşdırılıb, tutulan həşəratlar laboratoriyada analiz edilir.
Frankfurt səhiyyə idarəsinin məlumatına görə, altı yoluxma halından beşində xəstəlik iyulun əvvəlində, daha birində isə avqustun ortalarında başlayıb. Dörd xəstənin artıq stasionar müalicədən buraxıldığı açıqlanıb. Hazırda araşdırmanın əsas məqsədlərindən biri yoluxmaların eyni ağcaqanaddan, yoxsa bir neçə həşəratdan qaynaqlandığını müəyyənləşdirməkdir.
Malyariya əsasən Anopheles cinsinə aid dişi ağcaqanadların dişləməsi ilə insana keçən parazitar xəstəlikdir. Xəstəliyin törədicisi virus və ya bakteriya deyil, Plasmodium adlı parazitdir. Ən çox yayılmış yoluxma mexanizmi xəstəliyin geniş yayıldığı tropik və subtropik ölkələrdə ağcaqanadın insanı dişləməsidir. Lakin nadir hallarda ağcaqanad özü də “sərhədi keçir”.
Malyariyanın yayıldığı ölkələrdən uçan təyyarəyə yoluxmuş ağcaqanad daxil ola, uçuş zamanı və ya təyyarə hava limanına çatdıqdan sonra sağ qala və ərazidə insanları dişləyə bilər. Belə hallar “aeroport malyariyası” adlandırılır. Frankfurtdakı hadisənin də məhz bu ssenari üzrə baş verdiyi ehtimal edilir.
Almaniya səhiyyə qurumları bildirir ki, bu, son dərəcə nadir hadisədir və ölkədə malyariya hallarının demək olar hamısı xəstəliyin yayıldığı ölkələrdən qayıdan şəxslərdə aşkarlanır. Frankfurt hava limanında bundan əvvəl də 2023-cü ildə “aeroport malyariyası” qeydə alınmışdı.
Frankfurtdakı hadisə fonunda Azərbaycanda haqlı olaraq sual yaranır – belə bir ssenari Bakıda baş verə bilərmi?

Hazırda Azərbaycanda yerli malyariya yayılması barədə söhbət getmir və ölkənin malyariya üzrə epidemioloji statusu tamam başqadır. Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin martında Azərbaycanı malyariyadan azad ölkə kimi sertifikatlaşdırıb. Bu status ölkə ərazisində yerli, yəni endemik malyariya ötürülməsinin ən azı üç il ərzində dayandırıldığını göstərən ciddi epidemioloji sübutlar əsasında verilib.
ÜST-nin Azərbaycan üzrə məlumatında da ölkənin yerli malyariya ötürülməsini dayandırdığı, lakin xəstəliyin yenidən qayıtmasının qarşısını almaq üçün epidemioloji və entomoloji nəzarətin davam etdirilməsinin vacib olduğu vurğulanır.
Bununla belə, “Azərbaycan malyariyadan azaddır” ifadəsi “Azərbaycana malyariya heç vaxt daxil ola bilməz” mənasına gəlmir. Əksinə, xəstəliyin aradan qaldırılmasından sonra əsas vəzifələrdən biri onun xaricdən yenidən gətirilməsinin qarşısını almaqdır.
Təyyarə ilə Bakıya malyariyalı ağcaqanad gələ bilərmi?
Frankfurt hadisəsi göstərir ki, beynəlxalq aviasiya belə bir epidemioloji risk yarada bilər. Bakı hava limanı da dünyanın müxtəlif regionları ilə birbaşa və tranzit hava əlaqələrinə malikdir. Malyariyanın endemik olduğu Afrika, Asiya və digər regionlardan ölkəyə hər gün sərnişinlər və hava nəqliyyatı gəlir. Amma bu ssenarinin reallaşması üçün bir neçə şərtin eyni vaxtda üst-üstə düşməsi lazımdır. Ağcaqanad təyyarədə sağ qalmalı, xəstəlik törədicisini daşımalı, uyğun şəraitdə hava limanına çatmalı və orada insanı yoluxdurucu şəkildə dişləməlidir. Bu səbəbdən belə hadisələr mümkündür, lakin son dərəcə nadir hesab olunur. Frankfurt hadisəsi də məhz buna görə Avropada ciddi maraq doğurub.
Malyariyanın Azərbaycanda yenidən yayılması baxımından başqa mühüm məsələ diaqnostikadır. Azərbaycan uzun müddətdir ki, yerli malyariya ötürülməsinin olmadığı ölkə kimi qiymətləndirildiyindən, xəstəliyin ilkin mərhələsində həkimin ağlına malyariya gəlməyə bilər. Bu isə təhlükəlidir. Çünki malyariyanın ilkin simptomları başqa xəstəliklərlə çox oxşardır deyə qarışdırıla bilər.
Malyariya yoluxması zamanı adi soyuqdəymədə olduğu kimi yüksək hərarət, üşütmə, baş ağrısı, halsızlıq, əzələ ağrıları və digər əlamətlər müşahidə oluna bilər.
ÜST bildirir ki, malyariya müalicə olunan xəstəlikdir, lakin xüsusilə ağır formalarında həyat üçün təhlükə yarada bilər. Erkən diaqnostika və müalicə ağırlaşmaların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Frankfurt hadisəsində də məhz səyahət tarixçəsinin olmaması diaqnostikanı çətinləşdirə bilər.
Almaniyanın epidemioloji qurumları belə hallarda xəstəliyin gec aşkarlanmasının ağırlaşma riskini artırdığını bildirirlər. Yerli malyariya zənciri Azərbaycan ərazisində qırılıb. Lakin qlobal hərəkətlilik fonunda xəstəliyin xaricdən gətirilməsi riski tamamilə sıfır deyil.
ÜST-nin malyariyadan azad ölkələr siyahısında Azərbaycanın 2023-cü ildən yer alması böyük səhiyyə uğurudur. Ancaq ÜST özü də belə status əldə etmiş ölkələrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısını almaq üçün davamlı epidemioloji və entomoloji nəzarətin vacibliyini vurğulayır. Xüsusilə beynəlxalq hava limanlarında ağcaqanad monitorinqinin aparılması, malyariyanın yayıldığı ölkələrdən gələn nəqliyyat vasitələri ilə bağlı sanitar-epidemioloji tədbirlərin effektivliyi, şübhəli halların vaxtında aşkarlanması və həkimlərin xəstəliyin simptomları barədə məlumatlandırılması önəmlidir. Əgər şəxs yaxın vaxtlarda malyariyanın yayıldığı ölkələrdən birində olubsa və qayıtdıqdan sonra səbəbi bilinməyən yüksək hərarət, üşütmə, güclü halsızlıq və digər uyğun simptomlar yaranıbsa, bunu adi virus infeksiyası kimi qəbul etməməli və həkimə səyahət tarixçəsini mütləq bildirməlidir. Çünki Azərbaycan malyariyadan azad ölkə olsa da, dünyanın malyariya ilə mübarizə aparan regionları ilə əlaqələr davam edir.\musavat.com\
















