Son dəqiqə
Reklam
Reklam

Naxçıvanda bu təyinatlar nümayəndəliklə razılaşdırılacaq

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasında nazir müavinlərinin və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırılacaq.

Cagdas.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin imzaladığı qərarla təsdiqlənən “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Baş nazir həmin şəxsləri səlahiyyətli nümayəndəliklə razılaşdırmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir.

Nazirlər Kabinetinə üzvlüyə namizədlər barədə təkliflər Ali Məclisə təqdim edilməzdən əvvəl də səlahiyyətli nümayəndəliyin razılığı alınmalıdır. Bunun üçün namizədlər haqqında müvafiq məlumatlar nümayəndəliyə təqdim olunacaq. Nazirlər Kabinetinin tərkibi ilə bağlı nümayəndəlikdən daxil olan təkliflər isə Baş nazir tərəfindən nəzərə alınacaq.

Razılığın alınması tələbi tabelikdə olmayan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinin və onların müavinlərinin təyinatına və vəzifədən azad edilməsinə də şamil olunur.

Sənəddə Nazirlər Kabinetinin fəaliyyətinin planlaşdırılmasında səlahiyyətli nümayəndəliyin iştirakı da nəzərdə tutulub. Belə ki, Nazirlər Kabinetinin növbəti il üçün illik iş planı nümayəndəliyin rəyi alınmaqla təsdiq ediləcək.

Muxtar respublikanın sosial-iqtisadi inkişafına dair dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların, həmçinin dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasında nümayəndəliyin iştirakı təmin olunacaq. Nümayəndəliyin icrasına nəzarət etdiyi bu sənədlər və layihələr üzrə icra məlumatları da ona təqdim ediləcək.

Qərar 2026-cı il oktyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.\modern.az\