İnternet dünyası inkişaf etdikcə rəqəmsal platformaların yeniyetmələrin həyatına təsiri ilə bağlı narahatlıqlar artmaqdadır.
Xüsusilə sosial şəbəkələr və mesajlaşma tətbiqləri bəzi hallarda təhlükəli çağırışların, zorakılıq meyllərinin və psixoloji manipulyasiyanın yayılma məkanına çevrilib. Valideynlərin sadəcə ünsiyyət vasitəsi hesab etdiyi bir çox tətbiq, əslində yeniyetmələrin psixologiyasını zəhərləyən, onları radikallaşdıran və intihara sürükləyən təhlükəli platformalara dönüşüb.
Türkiyədə baş verən məktəbə silahlı hücum və cinayətkarın bu qanlı planını əvvəlcədən “Discord” üzərindən elan etməsi, diqqəti yenidən internetin mənfi tərəfinə yönəldib.
Çağdaş.Az xəbər verir ki, qapalı qruplar, anonim ünsiyyət və zəif nəzarət mexanizmləri bu kimi halların aşkarlanmasını çətinləşdirir. Bu tip platformalarda radikal ideyaların yayılması və istifadəçilərin bir-birini təsirləndirməsi daha sürətli baş verir.
Əslində oyunçular üçün nəzərdə tutulan “Discord” platforması, son illərdə nəzarətsiz qrupların və radikal qruplaşmaların məkanına çevrilib. Bu platformada yaradılan qapalı serverlər daxilində yeniyetmələrə qarşı kiber-zorakılıq tətbiq edilir. Şantaj və “sextortion” (cinsi şantaj) halları baş verir və zərərli ideologiyalar və qanlı cinayət planları qəhrəmanlıq kimi təqdim olunur. Lakin təkcə bir platforma deyil, bir neçə məşhur tətbiq də risk qrupuna daxildir.
Məsələn, “TikTok” üzərindən yayılan bəzi “challenge”lər (çağırışlar) yeniyetmələr arasında təhlükəli davranışların populyarlaşmasına səbəb olub. Özünü zədələmə, riskli hərəkətlər və psixoloji təzyiq yaradan trend videolar xüsusilə diqqət çəkir. Digər tərəfdən, “Telegram” platformasında anonim kanallar vasitəsilə zorakılıq, ekstremizm və hətta intihara təşviq edən qrupların fəaliyyət göstərdiyi barədə beynəlxalq hesabatlar mövcuddur.
“Telegram” şifrəli yazışma üstünlüyü ilə tanınsa da, bu xüsusiyyət cinayət tərkibli qruplar üçün əvəzolunmaz fürsət yaradır. Burada narkotik vasitələrin təbliği və satışı həyata keçirilir. Özünəzərər və intihar metodlarının paylaşıldığı qapalı kanallar fəaliyyət göstərir, həmçinin uşaq pornoqrafiyası və şiddət videoları heç bir filtr olmadan yayılır. Bu cür qruplarda istifadəçilər manipulyasiya olunur, bəzən isə açıq şəkildə təhlükəli tapşırıqlar verilir.
“Reddit” kimi platformasında isə “incel” (qadın düşmənliyi) və ya depressiv alt-mədəniyyətlər formalaşır. Bu qruplar yeniyetmələrin emosional boşluqlarından istifadə edərək, onlarda cəmiyyətə qarşı nifrət və özünə qapanma hisslərini alovlandırır. “Snapchat” kimi geniş istifadə olunan platformalar da riskdən kənar deyil.
Psixoloqlar qeyd edir ki, bu şəbəkədə yayılan “ideal həyat” görüntüsü yeniyetmələrdə depressiya, özünəqapanma və aşağı özünə dəyər hissi yaradadır. Bu isə bəzi hallarda intihar meyllərinin artmasına səbəb olur. Xüsusilə oyun platformaları da diqqət mərkəzindədir. “Roblox” kimi platformalarda istifadəçilər arası ünsiyyətin açıq olması bəzi hallarda uşaqların zərərli şəxslərlə təmas qurmasına şərait yaradır.
Mütəxəssislər bildirir ki, bu mühitdə həm psixoloji təsir, həm də təhlükəli ideyaların ötürülməsi mümkündür. Problem platformaların özündən daha çox onların necə istifadə olunması ilə bağlıdır. Valideyn nəzarətinin zəif olması, rəqəmsal savadlılığın aşağı səviyyədə qalması və uşaqların psixoloji vəziyyətinin diqqətdən kənarda qalması riskləri daha da artırır. Sosioloqlar hesab edir ki, bu kimi halların qarşısını almaq üçün həm dövlət səviyyəsində nəzarət mexanizmləri gücləndirilməli, həm də ailələr uşaqların onlayn fəaliyyətinə daha diqqətlə yanaşmalıdır. Əks halda, virtual mühitdə yayılan təhlükəli ideyalar real həyatda faciəvi nəticələrə gətirib çıxarmağa davam edəcək./Sfera.az/
















