Neft və qızılın dünya bazarında bahalaşması fonunda Azərbaycanın gəlirlərinin artması ilə bağlı gözləntilər 2027-ci ildə sosial ödənişlərin, o cümlədən maaş və pensiyaların yenidən artırılması imkanlarını gündəmə gətirir.
Bəs 2027-ci ildə maaş və pensiyaların artırılması üçün hansı iqtisadi imkanlar yarana bilər və bu artımların həcmini əsasən hansı göstəricilər müəyyən edəcək?
Cagdas.az -ın məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial təminat tədbirləri hər zaman prioritetdir və sosial paketin dərinləşdirilməsi də Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.
Onun sözlərinə görə, xüsusən də bir sıra sosial artımlar qanunvericiliklə tənzimlənir:
“2027-ci ilin yanvarında bütün növ əmək pensiyalarında artımlar olacaq. Çünki “Əmək pensiyaları haqqında” qanuna əsasən, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq pensiyalarda artım həyata keçirilir və bu il ölkə üzrə orta aylıq əməkhaqqı neçə faiz artacaqsa, həmin faiz nisbətində 2027-ci ilin yanvarında pensiyalar artırılacaq.
Faiz 2026-cı ilin sonuna doğru dəqiqləşəcək və bu da uyğun olaraq artımların reallaşmasına imkan verəcək.
Pensiya artımları bütün növ əmək pensiyalarını, yəni yaşa görə əmək pensiyasını, ailə başçısını itirməyə görə əmək pensiyasını və əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızı əhatə edəcək.
Bu, təxminən 1 milyon 100 min vətəndaşımızın 2027-ci ilin yanvarında pensiyalarının artması anlamına gələcək.
Digər istiqamətlər, xüsusən də maaş və müavinətlərlə bağlı artımlar da hər zaman diqqət mərkəzindədir və bu il bir sıra sektorlarda əməkhaqqı artımlarını müşahidə etdik. Sözsüz Kİ, cənab Prezident tərəfindən bu istiqamətdə mütəmadi sənədlər imzalanır. Yalnız son 6 ildə 5 sosial paket reallaşıb.
Biz eyni zamanda yaşa görə müavinətin artırılmasını da təklif edirik. Çünki hazırda yaşa görə müavinətin məbləği 220 manatdır və nəzərə alsaq ki, bu, 65 yaşı tamam olan və əmək pensiyası ala bilməyən vətəndaşlarımıza ödənilən müavinətdir.
Ona görə biz bu müavinətin məbləğinə yenidən baxılmasını və artırılmasını təklif edirik. Eyni zamanda, təklif edirik ki, mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətin artırılması ilə bağlı qərarın verilməsi məsələsinə baxılsın”, – deyə Vüqar Bayramov fikrini tamamlayıb.\referans media\
















