Kibercinayətkarlar WhatsApp, Signal və digər mesajlaşma tətbiqlərinin istifadəçilərini hədəf alan yeni dələduzluq üsuluna əl atıblar.
Cagdas.az xəbər verir ki, dələduzlar özlərini texniki dəstək əməkdaşı kimi təqdim edərək istifadəçilərə “bütün ehtiyat nüsxələriniz silinəcək” məzmunlu mesajlar göndərirlər. Mesajlarda hesabın və ya yazışmaların itiriləcəyi iddia edilir və istifadəçidən təsdiqləmə kodu, bərpa açarı və ya digər məxfi məlumatlar tələb olunur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məlumatların paylaşılması hesabın ələ keçirilməsi və şəxsi yazışmaların oğurlanması ilə nəticələnə bilər.
Kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, heç bir rəsmi şirkət istifadəçidən mesaj və ya e-poçt vasitəsilə şifrə, PIN kodu, SMS təsdiqləmə kodu və ya bərpa açarı istəmir.
İstifadəçilərə şübhəli mesajlara cavab verməmək, heç bir kod paylaşmamaq və hesablarının təhlükəsizlik ayarlarını yoxlamaq tövsiyə olunur./Musavat.com
















