Yaxın Şərqdə geosiyasi gərginlik pik həddə çatıb. İsrail ordusunun Suriyanın cənub ərazilərində genişmiqyaslı quru əməliyyatına başlamaq iddiaları Dəməşqdə həyəcan təbili çalınmasına səbəb olub. Yeni rəhbərlik ehtimal olunan intensiv zərbələrdən yayınmaq və dövlət mexanizminin tam sıradan çıxmasının qarşısını almaq üçün hərbi-siyasi strukturların ölkənin daxili və şimal vilayətlərinə köçürülməsi barədə təcili plan hazırlayıb.
Çağdaş.Az xəbər verir ki, 2024-cü ilin dekabr ayında Suriyada baş verən hakimiyyət dəyişikliyinin ardından İsrail cənub sərhədlərində hərbi təzyiqi kəskin artırıb. Qolan təpələrindəki bufer zonanı aşan İsrail Silahlı Qüvvələrinin Kuneytra-Şam-Dəra istiqamətində irəlilədiyi, ölkə ərazisinə 1200-dən çox hava və raket zərbəsi endirdiyi bildirilir. Məlumata görə, Suriya torpaqlarının təxminən üçdə biri faktiki olaraq nəzarətə götürülüb, İsrail hərbi birləşmələri isə paytaxt Dəməşqin cəmi 25 kilometrliyinə qədər irəliləyib.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, hava hücumundan müdafiə sistemləri baxımından kəskin qıtlıq yaşayan Əhməd əş-Şaraa hökuməti Dəra və Kuneytra xəttindən çəkilərək İsrail ordusu ilə birbaşa hərbi toqquşmadan yayınmağa çalışır. Əvəzində isə dövlət idarəçiliyini qorumaq üçün Müdafiə Nazirliyinin Həma şəhərinə, ən azı 3 əsas nazirliyin Hələbə, Mərkəzi Bank da daxil olmaqla neft, kənd təsərrüfatı, su və iqtisadiyyat üzrə strateji qurumların isə İdlib, Raqqa, Deyr əz-Zor və Həsəkəyə köçürülməsi planlaşdırılır.
Cənubda baş verən bu hərəkətlilik qonşu İordaniyanı da alarm vəziyyətinə gətirib. İordaniya ordusu sərhəd zonasında təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıb. Amma əsas məqsəd İsrailin əməliyyatları səbəbindən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalacaq 1 milyona yaxın suriyalı qaçqının ölkəyə axınının qarşısını almaqdır. Eyni zamanda, İsrailin “Sofa 53” koridoru vasitəsilə Süveyda bölgəsindəki dürzi icması ilə birbaşa quru əlaqəsi qurmağı, Qolan ilə Süveyda arasında boşaldılacaq ərazilərə dürzi və yəhudi sakinləri məskunlaşdıraraq etnik təmizləmə həyata keçirməyi hədəflədiyi iddia edilir.
Dövlət aparatının Türkiyə sərhədinə yaxın şimal rayonlarına daşınmasında Ankara faktorunun həlledici rol oynadığı vurğulanır. Suriyanın yeni rəhbərliyi həm Türkiyənin kəşfiyyat və hərbi dəstəyindən yararlanmaq, həm də İsrail təhdidinə karşı təhlükəsiz zonanı genişləndirmək niyyətindədir. Bu çərçivədə Ankara və Şam arasında təmaslar fövqəladə dərəcədə intensivləşib. Eyni zamanda Suriyanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu regional “Məkkə İttifaqı”na inteqrasiyası addımları da masadadır.
Diqqətçəkən digər bir məqam isə cənubdakı hərbi eskalasiyanın İsrailin daxili siyasətindəki böhranla bağlı olmasıdır. Qadi Ayzenkotun rəhbərlik etdiyi blok koalisiya qura bilmədiyi üçün baş nazir Benyamin Netanyahuya yeni fürsət yaranıb. Netanyahunun Suriyanın cənubuna işğal əməliyyatı başlatmaqla, bu addımı kəskin müdafiə edən Aviqdor Libermanı (“İsrail Evimiz” Partiyası) hökumət koalisiyasına daxil etməyi planlaşdırdığı bildirilir./NOCOMMENT.az/


