Son dəqiqə

Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək – Prezident

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev İğdır Universitetinin təşkilatçılığı ilə “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.

Cagdas.az  xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan-Türkiyə münasibətlərinin regional əməkdaşlığın inkişafındakı rolunu vurğulayıb.

“Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi”.

Prezident Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə də diqqət çəkib:

“Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir”.

İlham Əliyev konqresin regionda sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.