Yəməndə fəaliyyət göstərən İran dəstəkli husilər Səudiyyə Ərəbistanına məxsus hərbi yük təyyarəsinin hava limanında olduğu iddiası ilə ƏdənHava Limanı ərazisinin dərhal boşaldılmasına çağırış edib.
Çağdaş.Az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Saria sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, Yəmənin müvəqqəti paytaxtı Ədəndəki hava limanında yerləşən Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarə ölkəyə silah daşıyır.
Saria iddia edib ki, hava limanındakı təyyarədə Yəmən xalqına qarşı istifadə olunmaq üçün nəzərdə tutulan silahlar var.
O, Ədən hava limanında olan şəxslərə ərazini dərhal tərk etmək çağırışı edib.
Husilərin nümayəndəsi Səudiyyə Ərəbistanına məxsus olduğu iddia edilən hərbi yük təyyarəsində hansı növ silahların daşındığı barədə isə əlavə məlumat verməyib.
Qeyd edək ki, husilər son illərdə Yəməndəki qarşıdurmalarda əsas tərəflərdən biri olaraq çıxış edir və Səudiyyə Ərəbistanı ilə müttəfiqlərini tez-tez hədəf alırlar.


