Qərb sahillərində təxminən 100 strateji yeri işğal etməyə hazırlaşan İsrail, həmçinin Qəzzada “məskunlaşma” adı altında üç ərazini ələ keçirməyə başlayıb.
Çağdaş.Az xəbər verir ki, İsrail “məskunlaşma planı” adı altında həm Qəzza, həm də işğal olunmuş Qərb sahillərində Fələstin torpaqlarını ələ keçirməyə davam edir. “Israel Hayom” qəzetinin məlumatına görə, Təl-Əviv hökuməti Fələstin Muxtariyyətinin nəzarəti altında olan işğal olunmuş Qərb sahillərinin A bölgəsində təxminən 100 strateji yeri ələ keçirməyi hədəfləyən yeni məskunlaşma planı hazırlayıb. Qərb sahillərindəki “Məskunlaşma Fermaları Assosiasiyası” və “Habita Forumu” adlı qruplar tərəfindən hazırlanan plan regionun xəritəsini kökündən yenidən çəkməyi hədəfləyir. İsrail hökumətindəki nazirlərə və Baş nazir Benyamin Netanyahuya yaxın şəxslərə təqdim edilən plan, Fələstinin əsas şəhərlərini əhatə edir.

Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrılıq Divarı və Yəhudi Məskunlaşmalarına Qarşı Şuranın rəhbəri Müəyyid Şaban planı İsrailin Qərb Şəriyəsini ilhaq etmə prosesində təhlükəli bir dəyişiklik kimi qiymətləndirdi. Şaban planın Fələstin ərazisini aşındırmağı və beynəlxalq müqavilələri mənasız etməyi hədəflədiyini bildirərək əlavə etdi: “Plan marjinal qruplar tərəfindən başladılan müstəqil bir hərəkat hesab edilə bilməz. Əksinə, bu, İsraildə, xüsusən də Fələstin ərazilərinin ilhaqını qəbul edən hökumətlər dövründə baş verən dəyişikliklərin bir hissəsidir.”
Digər tərəfdən, İsrailin irqçi maliyyə naziri Bezalel Smotriç, vəzifədə olduğu müddətdə işğal olunmuş Qərb Şəriyəsində 160 yeni qanunsuz yaşayış məntəqəsinin salınmasına və Təl-Əvivin 100-dən çox qanunsuz yaşayış məntəqəsini tanımasına rəhbərlik etməklə öyündü. Qəzza sərhədindəki Sderot şəhərində çıxış edən Smotriç daha bir qalmaqallı açıqlama verdi. O, İsrail ordusunun son iki ildə soyqırım hücumları ilə viran qoyduğu və ərazinin 60%-dən çoxunu işğal etdiyi Fələstin torpaqlarını ələ keçirərək, Şimali Qəzzada üç qanunsuz yəhudi yaşayış məntəqəsi salmaq planları hazırladıqlarını söylədi.

Smotriç bildirib ki, onlar “İsrail Baş naziri Binyamin Netanyahudan təsdiq aldıqdan sonra” Qəzza zolağında qanunsuz yaşayış məntəqələrinin salınması üzərində işə başlayacaqlar. Bu arada, İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunisdə, şimaldakı Qəzza şəhərində isə sağ qalan evləri və binaları sökməyə davam edir. Rəfahın şimal-qərbindəki söküntülərə artilleriya atəşi müşayiət edib. Qəzza şəhərinin Tuffah məhəlləsində və Senafor qovşağı ərazisindəki söküntülər zamanı güclü partlayışlar baş verib.
















