ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran danışıqlara razılıq verməyəcəyi təqdirdə ABŞ hücumların miqyasını daha da genişləndirəcək və yeni hədəflər enerji stansiyaları ilə körpülər olacaq.
Cagdas.az xəbər verir ki, Amerika telekanallarından birinə müsahibə verən Tramp, İranın danışıqlar masasına qayıtmamasının ciddi nəticələr doğuracağını vurğulayıb.
“Gələn həftə onlar üçün çox pis olacaq”
Trampın sözlərinə görə, İran mövqeyini dəyişməsə, hücumlar daha strateji obyektlərə yönələcək.
“Gələn həftə onlar üçün həqiqətən çox pis olacaq. Növbə enerji stansiyalarına çatacaq. Daha sonra körpülər hədəfə alınacaq. Danışıqlar masasına oturmayacaqları təqdirdə bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik”, – deyə ABŞ prezidenti bildirib.
“Mən ‘bəsdir’ deyənə qədər davam edəcək”
ABŞ lideri son hücumlardan sonra İran ordusunun hərbi imkanlarının xeyli zəiflədiyini iddia edib. Onun sözlərinə görə, Vaşinqtonun hərbi əməliyyatları yalnız özü “bəsdir” deyəcəyi vaxta qədər davam edəcək.
Tramp əlavə edib ki, son günlər ABŞ nümayəndələri İran rəsmiləri ilə təmaslarını davam etdirirlər. Tehran rəhbərliyinə göndərilən mesajla bağlı suala cavab verən prezident bildirib:
“Razılaşma əldə etsəniz, sizin üçün daha yaxşı olar. Əks halda əlinizdə heç nə qalmayacaq.”
ABŞ və İran arasında gərginlik fonunda Vaşinqtonun bu bəyanatı bölgədə hərbi qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.(referans media)
















