Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunu “qırmızı bülleten”lə axtarışa verib. İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” üzrə Netanyahunun barəsində beynəlxalq axtarış elan edib.
Netanyahu və onunla birlikdə təqsirləndirilən şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittiham irəli sürülüb.
Türkiyə məhkəməsinin bu qərarı praktikada hansı hüquqi nəticələr doğura bilər? “Qırmızı bülleten” elan edilməsi Netanyahu üçün nə deməkdir?
Cagdas.az xəbər verir ki ,Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Türkiyədə İstanbul Ağır Cinayətlər Məhkəməsinin Benyamin Netanyahu barəsində beynəlxalq axtarış qərarı çıxarması hüquqi və siyasi baxımdan diqqətçəkən hadisədir:
“İctimaiyyətdə tez-tez eşitdiyimiz “qırmızı bülleten” ifadəsiylə məhkəmənin çıxardığı beynəlxalq axtarış qərarı eyni anlayış deyil. INTERPOL-un (Beynəlxalq Cinayət Polisi) “Qırmızı Bülleteni” yalnız üzv dövlətin müraciəti əsasında və INTERPOL-un Baş Katibliyinin daxili qaydalarına uyğun qiymətləndirmədən sonra yayımlana bilər. Yəni hər hansı milli məhkəmənin qərarı avtomatik olaraq, INTERPOL tərəfindən “Qırmızı Bülleten”ə çevriləcək demək deyil. Həmçinin bu qurumun Konstitusiyasının 3-cü maddəsi təşkilatın siyasi, hərbi, dini və ya irqi xarakter daşıyan işlərə müdaxiləsini kifayət qədər məhdudlaşdırır. Bu səbəbdən də yüksək siyasi məzmun daşıyan işlərdə INTERPOL mütləq şəkildə ayrıca hüquqi qiymətləndirmə aparır.
Əgər INTERPOL tərəfindən “Qırmızı Bülleten” həqiqətən də yayımlanarsa, bu, yenə də beynəlxalq həbs orderi demək deyil. “Qırmızı Bülleten” üzv dövlətlərə həmin şəxsin yerinin müəyyən edilməsini və milli qanunvericiliyə uyğun olaraq, müvəqqəti saxlanılmasının mümkünlüyünü tövsiyə edən bildirişdir. Hər bir dövlət belə bildirişə münasibətdə öz qanunvericiliyinə, beynəlxalq öhdəliklərinə və siyasi-hüquqi mövqeyinə əsasən qərar verir. Yəni heç bir dövlət “Qırmızı Bülleten” əsasında avtomatik həbs həyata keçirməyə borclu deyil”.
Siyasi şərhçi bildirib ki, Netanyahu baxımından belə bir qərarın əsas praktik nəticəsi onun beynəlxalq səfərlərinin hüquqi risklərini artırması ola bilər:
“Xüsusilə Türkiyə ilə ekstradisiya müqaviləsi olan və ya beynəlxalq cinayət işlərində daha fəal əməkdaşlıq edən ölkələrə səfərlər zamanı hüquqi prosedurların başlanması ehtimalı yarana bilər. Bununla belə, hər halda yekun qərarı həmin ölkənin məhkəmələri və səlahiyyətli dövlət orqanları qəbul edir.
Əsas mühüm məsələ isə dövlət və hökumət rəhbərlərinin beynəlxalq hüquqda malik olduqları immunitet institutudur. Fəaliyyətdə olan hökumət başçılarının xarici dövlətlərin milli məhkəmələri qarşısında müəyyən şəxsi immunitet hüquqları mövcuddur. Bu səbəbdən hətta axtarış qərarı və ya “Qırmızı Bülleten” olduğu halda belə, onun icrası bir sıra hüquqi maneələrlə qarşılaşa bilər. Paralel olaraq, beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququ sahəsində son illərdə formalaşan təcrübə göstərir ki, ağır beynəlxalq cinayətlər üzrə immunitet məsələsi müxtəlif məhkəmələr tərəfindən fərqli şəkildə qəbul edilir.
Siyasi baxımdan isə belə qərarlar dövlətlərin mövqeyini nümayiş etdirən mühüm hüquqi-siyasi addım hesab olunur. Bu cür qərarlar beynəlxalq ictimaiyyətə müəyyən mesaj verir, müzakirələri daha sıx edir və gələcək hüquqi proseslər üçün əlavə əsaslar yaradır. Lakin onların real icrası əsasən digər dövlətlərin əməkdaşlığından, beynəlxalq təşkilatların qərarlarından və konkret hüquqi mexanizmlərin işləməsindən asılı olur.
Ən azından xatırlayaq ki, beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin barəsində də beynəlxalq hüquqi prosedurlar mövcuddur. Buna baxmayaraq, o, müxtəlif ölkələrə səfərlər edib və beynəlxalq görüşlər keçirib. Bunun əsas səbəblərindən biri həmin dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin və daxili hüquqi rejimlərinin fərqli olması və sözügedən qanunun Putinin səfər etdiyi ərazilərdə legitim olmamasıdır”.
T.Qulaminin sözlərinə görə, Türkiyə məhkəməsinin qərarı Netanyahu üçün ilk növbədə hüquqi risklərin və diplomatik məhdudiyyətlərin artması demək olsa da, bu qərar onun avtomatik həbs ediləcəyi və ya hər hansı ölkəyə daxil olan kimi saxlanılacağı anlamına gəlmir:
“Belə hallarda hər bir dövlət öz milli qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və mövcud beynəlxalq öhdəliklərinə uyğun müstəqil qərar qəbul edir.
Bütün hallarda Türkiyədə İstanbul Ağır Cinayətlər Məhkəməsinin Benyamin Netanyahu barəsində beynəlxalq axtarış qərarı çıxarmasının əsas səbəbini isə sadəcə daxili auditoriyaya hesablanan qərar kimi dəyərləndirirəm”.
















