Avropada təsirini artıran isti hava dalğası Fransada vəziyyəti daha da ağırlaşdırıb.
Günlərdir davam edən meşə yanğınları havaların yenidən kəskin istiləşməsi fonunda yeni ərazilərə yayılıb. Xüsusilə Jirond (Gironde) bölgəsində alovlar yenidən güclənib və yanğınların söndürülməsi üçün genişmiqyaslı əməliyyat davam etdirilir.
Cagdas.az xəbər verir ki, Fransanın Jirond bölgəsində meşə yanğınları ilə mübarizəyə 2 min yanğınsöndürən cəlb olunub. Daha əvvəl alovların nəzarət altına alındığı 14 fərqli nöqtədə yanğının yenidən baş qaldırması təhlükənin hələ də davam etdiyini göstərir. Meteoroloqlar yaxın günlərdə bölgədə havanın temperaturunun 40 dərəcəyə çatacağını proqnozlaşdırırlar.
Mütəxəssislər yüksək temperaturun yanğınların daha da genişlənməsi riskini artıracağını bildiriblər. Məlumata görə, Fransada son günlər meşə yanğınları səbəbindən təxliyə olunanların sayı 220 mini ötüb. Onların böyük hissəsi artıq evlərinə qayıtsa da, onlarla yaşayış məntəqəsi hələ də təhlükə altındadır. Yanğınlar Bordo şəhər mərkəzinə təxminən 15 kilometr məsafəyədək yaxınlaşsa da, şəhərin özü birbaşa təhlükə ilə üz-üzə deyil. Bununla belə, alovların yaratdığı tüstü və kül Bordo və ətraf ərazilərdə həyatın normal axarını pozub.
Havanın keyfiyyəti ciddi şəkildə pisləşdiyindən çoxsaylı restoran və digər obyektlər fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. Lakano (Lacanau) yaxınlığındakı düşərgə əraziləri tamamilə boşaldılıb. Rəsmi məlumatlara əsasən, bölgədə təxminən 240 ev yanğın nəticəsində zərər görüb və ya tamamilə məhv olub. Digər tərəfdən, Var bölgəsində baş verən yanğını törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Onun 15 ilədək azadlıqdan məhrum edilə biləcəyi bildirilir. Ümumilikdə isə iyulun 6-dan bu yana Fransada meşə yanğınları ilə əlaqədar 184 nəfər polis tərəfindən saxlanılıb.
















