Avropa İttifaqı Ermənistandan idxal edilən malların təxminən 80 faizinə tətbiq olunan gömrük rüsumlarını müvəqqəti ləğv etməyə hazırlaşır. Lakin İrəvan bunun müqabilində bir sıra öhdəliklər götürməli olacaq və gələcəkdə Brüsselin tələbləri ticarət sahəsindən kənara da çıxa bilər.
Cagdas.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Sentyabrın 15-də Avropa Parlamentində Ermənistanla ticarətin liberallaşdırılması məsələsinin səsverməyə çıxarılması gözlənilir. Ermənistan ixracının bir hissəsinə rüsumların ləğv edilməsi təşəbbüsü bundan əvvəl Aİ Şurası tərəfindən dəstəklənib. Qaydaların qüvvəyə minməsindən sonra güzəştlərin iki il tətbiq olunması nəzərdə tutulur.
Brüsseldə hesab edirlər ki, bu addım erməni istehsalçılarına ixracın bir hissəsini Avropa bazarına yönəltməyə imkan verə bilər.
Ancaq güzəştlər şərtsiz olmayacaq.
Layihəyə əsasən, Ermənistan ixrac etdiyi malların mənşəyini təsdiqləməli, yoxlamalar zamanı Aİ gömrük qurumları ilə əməkdaşlıq etməli və Avropa məhsullarının Ermənistan bazarına daxil olması qarşısında yeni maneələr yaratmamalıdır.
İrəvanın üzərinə götürdüyü öhdəlikləri pozması halında Aİ güzəştli rejimi dayandıra biləcək.
Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernand Kartayzer isə gələcəkdə Brüsselin Ermənistandan sırf iqtisadi xarakter daşımayan addımlar da tələb edə biləcəyini istisna etməyib.
“Hələlik Aİ-nin bu məsələ çərçivəsində Ermənistandan Rusiyaya qarşı addımlar tələb edəcəyini gözləmirəm. Lakin gələcəkdə Ermənistandan belə tədbirlər görməsinin istəniləcəyinə şübhə etmirəm. Çünki Ermənistan Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə yaxınlaşmaq öhdəliyi götürüb”, – avropalı deputat bildirib.
Hazırkı mexanizm Avropa mallarının Ermənistana rüsumsuz daxil olması demək deyil. İrəvan yalnız Avropa məhsullarına qarşı yeni gömrük rüsumları və maneələr yaratmamağı öhdəsinə götürür.
Lakin Ermənistanla Aİ arasında iqtisadi inteqrasiya gələcəkdə daha dərin mərhələyə keçərsə, məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısındakı öhdəlikləri ilə toqquşa bilər.
Ekspertlərin fikrincə, Avropa məhsullarının Ermənistan üzərindən digər Aİİ ölkələrinin bazarlarına rüsumsuz çıxmasının qarşısını almaq üçün ayrıca mexanizmlərə ehtiyac yarana bilər.\musavat.com\
















