Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Cəmiyyət

Gənclərin ailə qurmasına mane olan əsas sosial-iqtisadi amillərdən biri də mənzil problemidir. Xüsusilə son illər daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi, güzəştli ipoteka kreditlərinin maksimal məbləğinin mövcud bazar reallıqlarından geri qalması və bu imkanlardan yararlana bilən şəxslərin dairəsinin məhdudluğu gənc ailələrin mənzil sahibi olmasını çətinləşdirir.

Hazırda müəyyən kateqoriyadan olan vətəndaşlara 4 faizlə güzəştli ipoteka krediti almaq imkanı yaradılıb. Lakin 100 min manatlıq maksimal kredit məbləği ilə, xüsusilə paytaxtda, mənzil əldə etmək getdikcə çətinləşir. Bu baxımdan güzəştli ipotekanın məbləğinin artırılması və proqramın əhatə dairəsinin genişləndirilməsi təklifi yenidən gündəmə gəlir.

Cagdas.az bildiriri ki məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, hazırda müəllimlər, həkimlər, hərbçilər və digər müəyyən kateqoriyalara aid gənc ailələr üçün güzəştli ipoteka və MİDA mənzillərindən yararlanmaq imkanları mövcuddur.

Deputatın fikrincə, mövcud mexanizmlərin təkmilləşdirilməsi, həm kredit məbləğinin artırılması, həm də güzəştlərdən yararlana biləcək kateqoriyaların genişləndirilməsi baxımından vacibdir:

“Bu gün 4 faizli güzəştli ipoteka üzrə maksimal kredit məbləği 100 min manatdır. Ancaq hazırkı mənzil bazarında bu məbləğə ev tapmaq kifayət qədər çətindir. Ona görə də hesab edirəm ki, güzəştli ipotekanın məbləğinə yenidən baxılmalıdır. Eyni zamanda, bu imkanlardan yararlana bilən kateqoriyaların dairəsinin genişləndirilməsi də nəzərdən keçirilməlidir. Bir hədəf qrupundan digərinə keçid etmək mümkündür. Düşünürəm ki, bu məsələ ilə bağlı İpoteka Fonduna və digər aidiyyəti qurumlara müraciətlər də daxil olur”.

Müşfiq Cəfərov hesab edir ki, gənclərin ailə qurmasına dəstək yalnız sosial təşviqlərlə məhdudlaşmamalı, onların müstəqil yaşayış imkanlarının yaradılması da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

Deputatın sözlərinə görə, mənzil təminatı ailə qurmaq qərarına birbaşa təsir edən amillərdəndir:

“Bu gün ailə quranların sayının əvvəlki illərlə müqayisədə azalması müşahidə olunur. Deməli, müəyyən təşviq mexanizmlərinə ehtiyac var. Bu təşviq mənzil təminatı ilə də bağlı ola bilər. İnsanların ailə qurması üçün evi və işi olmalıdır. Hazırda mənzil bazarında qiymətlər kifayət qədər yüksəkdir. Bu baxımdan güzəştli ipotekanın məbləğinin artırılması və yararlana biləcək kateqoriyaların genişləndirilməsi məqsədəuyğun olardı”.

Deputat əlavə edib ki, vətəndaş qəbulları zamanı da gənclər mənzil problemi ilə bağlı ona çoxsaylı müraciətlər edirlər. Onun sözlərinə görə, ailə qurduqdan sonra ayrıca mənzillə təmin oluna bilməyən gənclər valideynləri ilə birgə yaşamaq məcburiyyətində qalırlar ki, bu da ailələrin müstəqil həyat qurmasını çətinləşdirir.

Müşfiq Cəfərov məsələnin Milli Məclisin müvafiq komitəsində də müzakirəyə çıxarıla biləcəyini istisna etməyib. O, ailə quranların sayının azalması ilə bağlı statistik göstəricilərin narahatlıq doğurduğunu vurğulayaraq, gənclərin mənzil təminatının yaxşılaşdırılmasının bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.