Hazırda Bakı şəhərində kanat yolu ilə bağlı məsələ ilkin araşdırma və qiymətləndirmə mərhələsindədir.
Cagdas.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Qeyd olunub ki, layihənin mümkün marşrutu, texniki parametrləri, icra müddəti, maliyyələşmə və digər detalları ilə bağlı yekun qərarlar hələ formalaşmayıb.
“Layihənin mümkün marşrutu, texniki parametrləri, icra müddəti, maliyyələşmə və digər detalları ilə bağlı yekun qərarlar formalaşmadığından, hazırkı mərhələdə dəqiq məlumat təqdim etmək mümkün deyil. Müvafiq məlumatlar dəqiqləşdiyi təqdirdə ictimaiyyətə açıqlanacaq”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 2-də imzaladığı Fərmanla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib. Belə ki, QSC sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.


