Son dəqiqə

Yeni türk dövləti qurulur: Ukrayna ilə razılıq əldə edildi

Cəmiyyət

Yeni türk dövləti qurulur: Ukrayna ilə razılıq əldə edildi

Krım tatarlarının milli lideri Mustafa Cəmilov Krımın muxtar statusu ilə bağlı Ukrayna rəhbərliyi ilə bütün məsələlər üzrə razılığa gəldiklərini bildirib. O, davam edən müharibə səbəbindən konstitusiya dəyişikliklərinin həyata keçirilə bilmədiyini qeyd edib.

Cagdas.az xəbər verir ki, Cəmilovun sözlərinə görə, “Azad Krım” layihəsi reallaşacağı təqdirdə yarımada Krım tatarlarının öz muxtar dövləti olacaq. O, zərurət yaranarsa, sürgündə respublika elan edilməsi variantının da nəzərdən keçirildiyini deyib.

Rusiya-Ukrayna müharibəsindəki sülh danışıqlarını dəyərləndirən Cəmilov davamlı sülhün yalnız Krım da daxil olmaqla işğal altındakı bütün Ukrayna ərazilərinin geri qaytarılması ilə mümkün olduğunu müdafiə edib. O, mümkün atəşkəsin Rusiyaya vaxt qazandıracağını iddia edərək bunun daha böyük müharibəyə hazırlıq fasiləsinə çevrilə biləcəyini bildirib. Cəmilov Rusiyanın hərbi itkilər və iqtisadi sanksiyalar səbəbindən çətin vəziyyətə düşdüyünü də söyləyib.

Cəmilov Rusiyanın regional siyasəti ilə bağlı da fikirlər səsləndirib. O, Aleksandr Duqinin paylaşdığını bildirdiyi xəritədə Türkiyə və bir sıra türk respublikalarının Rusiya ərazisi kimi göstərildiyini iddia edib. Krım tatarlarının lideri bu yanaşmanı “türksüz Asiya, Qafqaz və Anadolu” hədəfi kimi qiymətləndirib. O, Krımın Türkiyənin Qara dənizdə təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Cəmilov Ukrayna hakimiyyəti ilə muxtariyyət məsələsində razılığa gəlindiyini bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, şərait tələb edərsə, sürgündə respublika elan olunması da mümkün variantlardan biridir. O, Türkiyənin 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra yarımada ilə bağlı ardıcıl mövqe sərgilədiyini bildirib. Cəmilov əsas məqsədlərinin azad Krıma qayıtmaq olduğunu qeyd edib.

Cəmilovun bildirdiyinə görə, Türkiyədə təxminən 4 milyon, dünya üzrə isə 7 milyondan çox Krım tatarı yaşayır. O, yüz minlərlə insanın tarixi vətəninə qayıtmağı gözlədiyini deyib.

Krım tatarlarının lideri Rusiyanın işğaldan sonra yarımadaya təxminən 1 milyon rus köçürdüyünü də iddia edib. Cəmilov “Yarımadamız əsl sahiblərini gözləyir. Vüsal uzaqda deyil” ifadələrini işlədib.\referans media\