Son dəqiqə

Alen Simonyanın Azərbaycan səfərindən GÖZLƏNTİLƏR

Cəmiyyət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə isə onun Azərbaycana gəlməsi gözlənilir.

Cagdas.az bildiriri ki Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, şübhəsiz, Alen Simonyanın Azərbaycana səfəri iki ölkə arasında sülh prosesinin inkişafına xidmət edə, müəyyən təkan verə bilər:

“Alen Simonyanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edə bilər. Ancaq böyük sülhdən danışırıqsa, Ermənistan öz üzərinə düşən əsas məsələni həll etməli, yəni referendum keçirib konstitusiya dəyişikliyi etməlidir. Yalnız bundan sonra dayanıqlı sülhdən danışmaq olar. Simonyanın səfəri ərəfəsində iki tərəfli münasibətlər, sərhədlərin delimitasiyasından tutmuş, iqtisadi layihələrin icrasına,  Azərbaycan vasitəsilə Ermənistana yüklərin göndərilməsi, yəni tranzit yollar kimi qarşılıqlı maraq doğuran müəyyən məsələlər müzakirə oluna bilər. Ancaq bütövlükdə sülh müqaviləsinin imzalanması məsələsində Ermənistan çaşqın vəziyyətdədir. Ermənistan xarici siyasətdə birqütblü, Rusiyayönümlü siyasət aparırdı, ancaq indi sanki seçim qarşısındadır. Ermənistana Avropa İttifaqından təzyiqlər edilir, digər tərəfdən də Rusiyadan gələn təzyiqlərlə üzləşirlər. Bu baxımdan Ermənistan  Azərbaycanın apardığı balanslaşdırılmış, çoxvektorlu siyasətə uyğun davransın. Ancaq Ermənistanda hiss olunur ki, alınmır. Çünki  hakimiyyət daxilində də müəyyən ziddiyyət və qarşıdurmalar var”.

Nəsib Məhəməliyevin fikrincə, Alen Simonyan – Hikmət Hacıyev görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, eyni zamanda humanitar əməkdaşlıq üzrə konkret razılaşmaların əldə olunması gözlənilir:

“Birinci Qarabağ Müharibəsi ərəfəsində 4000-ə yaxın soydaşımız itkin düşüb. Bu məsələnin müzakirəsi təbii ki, gözlənilir. İndiki vəziyyətdə, eyni zamanda minalardan çirklənmiş ərazilərin də xəritələrində dəyişiklik ola bilər. Yəni bu mümkündür. Müzakirələr ərəfəsində bu məsələlər üzə çıxa bilər və Ermənistandan asılıdır”.

“Sülh Körpüsü”nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov isə qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan münasibətləri bir neçə istiqamətdə inkişaf edir:

“Ən başlıca istiqamət liderlərin dialoqudur. Liderlərin dialoqu mütəmadi olaraq il ərzində bir neçə dəfə keçirilir. Görüşlər zamanı bütün istiqamətlər müzakirə edilir və müvafiq tapşırıqlar verilir”.

F.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan – Ermənistan münasibətləri bir neçə istiqamət üzrə paralel şəkildə inkişaf edir:

“Bu çərçivədə xarici işlər nazirlikləri arasında təmaslar, sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın fəaliyyəti, xüsusi xidmət orqanları arasında əlaqələr, elektrik enerjisi sahəsində əməkdaşlıq, TRIPP layihəsi ilə bağlı ABŞ-nin iştirakı ilə üçtərəfli müzakirələr davam edir. Dublin görüşündən sonra isə ekoloji vəziyyət və çay sularının idarə olunması məsələləri üzrə ikitərəfli komissiyanın fəaliyyəti də gündəmə gəlib. Bütün bu istiqamətlərdə işin əlaqələndirilməsi, eyni zamanda gündəlikdə duran humanitar məsələlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətlər üzrə koordinasiya Hikmət Hacıyev – Alen Simonyan təmasları çərçivəsində həyata keçirilir. Görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin müxtəlif sahələrində mövcud vəziyyət, qarşıya çıxan problemlər və maneələr müzakirə olunur. Eyni zamanda, humanitar məsələlərlə bağlı tərəflərin gözləntiləri və bu istiqamətdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılır”.