Son dəqiqə

BMT: Dünyada hər dörd qadından biri nikahda cinsi münasibətdən imtina edə bilmir

Dünya

BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dərc olunan yeni hesabat göstərir ki, dünyada hər dörd qadından biri həyat yoldaşı və ya partnyoru cinsi münasibət tələb etdikdə buna “yox” demək hüququndan faktiki olaraq istifadə edə bilmir.

Çağdaş.Az-ın xəbərinə görə, hesabatda bildirilir ki, vəziyyət xüsusilə Afrika qitəsində daha ağırdır.

Araşdırmaya görə, Qərbi və Mərkəzi Afrikada qadınların 45 faizi nikah daxilində cinsi münasibətdən imtina etmək imkanına malik deyil. Şərqi və Cənubi Afrika ölkələrində, eləcə də ərəb dövlətlərində bu göstərici 33 faiz təşkil edir.

Latın Amerikası və Karib hövzəsində isə hər 10 qadından biri həyat yoldaşı ilə cinsi münasibətdən imtina edə bilmir.

Hesabatda qeyd olunur ki, 15–19 yaşlı qızlar və gənc qadınlar bu baxımdan daha həssas vəziyyətdədir. Müqayisə edilən səkkiz ölkənin məlumatları göstərir ki, onların cinsi münasibətə razılıq verməmək imkanları 45–49 yaşlı qadınlarla müqayisədə daha məhduddur.

Araşdırma Anqola, Konqo Demokratik Respublikası, Qazaxıstan, Malavi, Mali, Nigeriya, Tacikistan və Zambiya üzrə məlumatlar əsasında hazırlanıb.

Qlobal insan hüquqları təşkilatı “Equality Now”-un hüquqşünası Jan-Pol Murunqa bildirib ki, bu statistika ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, Afrika İttifaqının 2003-cü ildə qəbul etdiyi Maputo Protokolu qadınların hüquqlarını, o cümlədən zorakılıqdan qorunmasını və nikahın yalnız qarşılıqlı razılıq əsasında qurulmasını təmin etsə də, bir çox ölkədə bu öhdəliklər tam yerinə yetirilmir.

Murunqa vurğulayıb ki, azad və könüllü razılıq olmadan baş verən cinsi münasibət nikah daxilində də cinsi zorakılıq hesab edilməlidir.

O bildirib ki, bəzi Afrika ölkələrində nikahdaxili zorlama hələ də cinayət kimi tanınmır.

2024-cü il hesabatına əsasən, Kot-d’İvuar, Efiopiya və Cənubi Sudan da daxil olmaqla yeddi ölkədə ərlər nikahdaxili zorlamaya görə cinayət məsuliyyətindən açıq şəkildə azaddırlar.

Tanzaniya və Eritreya kimi ölkələrdə isə nikahdaxili zorlama yalnız ər-arvad ayrı yaşadığı halda cinayət hesab olunur.

Mütəxəssislər bildirirlər ki, uşaq nikahlarına icazə verilən və nikahdaxili zorlamanın cinayət sayılmadığı ölkələrdə azyaşlı qızlar daha böyük risk altındadır.

Syerra-Leonedə fəaliyyət göstərən “A Girl At A Time” təşkilatının təsisçisi Alimatu Dimonekenenin sözlərinə görə, Afrikanın bir çox bölgəsində nikah daxilində razılıq anlayışı demək olar ki, müzakirə olunmur.

O bildirib ki, xüsusilə Qərbi Afrikada cinsi münasibət ailə həyatının məcburi hissəsi kimi qəbul edilir və bir çox qadın yaşadıqlarını zorakılıq kimi qiymətləndirmir, əksinə, buna görə özlərini günahlandırırlar.