Son dəqiqə

FIFA-nın sızdırılan FFE sənədləri yeni detalları üzə çıxardı

İdman

FIFA-nın bütün kommersiya aktivlərini vahid şirkət altında birləşdirməyi nəzərdə tutan FFE layihəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Çağdaş.Az xəbər verir ki, “The Athletic” nəşrinin əldə etdiyi və doğruluğunu təsdiqlədiyi sənədlərə əsasən, layihənin ictimaiyyətə sızmasından sonra yaranan kəskin reaksiyalar səbəbindən FIFA bu təşəbbüsdən imtina edib.

Məlumata görə, FFE layihəsi çərçivəsində yaradılacaq yeni şirkətə 1,5 milyard dollar ilkin kapital yatırılması planlaşdırılırdı. Layihənin ilkin bazar dəyəri isə 20 milyard dollar olaraq qiymətləndirilirdi.

Sənədlərdə qeyd olunur ki, zaman keçdikcə FIFA-nın yeni şirkətdəki payı 51 faizə qədər azala bilərdi. Bununla yanaşı, şirkətin gələcəkdə birjada (IPO) səhmlərinin satışa çıxarılması da nəzərdə tutulurdu.

Layihəyə əsasən, şirkətin yeddi nəfərlik idarə heyətində FIFA-ya dörd yer ayrılması planlaşdırılırdı. FIFA prezidenti idarə heyətinin sədri, baş katib isə sədr müavini olacaqdı.

FIFA nümayəndələrinə futbolla bağlı məsələlərdə veto hüququ verilməsi də nəzərdə tutulurdu.

Sənədlərə görə, şirkətin bazar dəyəri hər 1 milyard dollar artdıqca rəhbər şəxslərə əlavə səhmlər və 50 milyon dollara qədər bonus ödənilməsi planlaşdırılırdı.

FIFA isə açıqlamasında bildirib ki, bu bonuslar təşkilatın nümayəndələrinə deyil, yalnız FFE şirkətinin rəhbərliyinə şamil olunacaqdı.

“The Athletic” yazır ki, FIFA bu layihə üçün “Thrive Capital” şirkətini tender keçirmədən seçib.

Həmçinin iddiaya görə, FIFA prezidenti Canni İnfantino layihə mətbuata sızana qədər təxminən bir il ərzində bu plan barədə FIFA Şurasının üzvlərini məlumatlandırmayıb.

Layihənin ictimaiyyətə məlum olmasından sonra yaranan narazılıq fonunda İnfantino təşəbbüsü dayandırıb və üzv federasiyalardan üzr istəyib.

FFE layihəsinin üzə çıxması UEFA ilə FIFA arasında ciddi gərginliyə səbəb olub.

Məlumata görə, UEFA layihəyə etiraz edərək FIFA turnirlərini boykot etməklə hədələyib və hüquqi prosedurlara başlayıb.

Layihə ləğv edilsə də, UEFA FFE-yə aid bütün sənədlərin təqdim olunmasını tələb edir.

FIFA isə bildirib ki, Şura üzvləri yalnız məxfilik müqaviləsi imzaladıqdan sonra Sürixdə yerləşən qərargahda həmin sənədlərlə tanış ola bilərlər.