Antibiotik müalicəsi zamanı şəkərli qidaların qəbulunun bağırsaq mikrobiomuna mənfi təsir göstərə və insanı təhlükəli infeksiyalara qarşı daha həssas edə biləcəyi müəyyənləşdirilib.
Cagdas.az xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.
Araşdırmada kök hüceyrə transplantasiyasından əvvəl uzunmüddətli antibiotik müalicəsi alan xəstələrin bağırsaq bakteriyalarında baş verən dəyişikliklər müəyyən edilib. Alimlər 173 xəstədən götürülmüş 1000-dən çox nəcis nümunəsini və onların qəbul etdiyi 9400-dən çox xəstəxana yeməyini təhlil ediblər.
Tədqiqatçılar yağ, karbohidrat və lif kimi əsas qida maddələrinin, eləcə də müxtəlif qidaların bağırsaq bakteriyalarına təsirini araşdırıblar. Tədqiqatın müəllifi, doktor Conatan Peledin sözlərinə görə, şəkərli qidaların, xüsusilə əlavə şəkərin antibiotiklərlə birlikdə qəbulu bağırsaq mikrobiomuna güclü mənfi təsir göstərə bilər.
Araşdırmada antibiotik müalicəsinin intensivliyi artdıqca bağırsaq mikrobiomundakı müxtəlifliyin daha çox azaldığı müəyyən edilib. Şəkərli qida və içkilərin qəbulunun hər 100 qram artmasının antibiotik müalicəsi müddətində xəstələrin nəcis nümunələrində mikrobiom müxtəlifliyini təxminən 24 faiz azaltdığı bildirilib.
Mütəxəssislər bağırsaq bakteriyalarının müxtəlifliyinin azalmasının bəzi zərərli bakteriyaların, o cümlədən “Enterococcus faecium”un sürətlə çoxalması ilə əlaqəli olduğunu qeyd ediblər.
Normal şəraitdə bağırsaqda zərərsiz şəkildə yaşayan bu bakteriyanın antibiotiklərin faydalı bakteriyaları məhv etməsindən sonra həddindən artıq çoxala biləcəyi bildirilib. Bu halda bakteriya bağırsaq divarından qan dövranına keçərək sepsis və ya orqan transplantasiyasından sonra ağırlaşmalara səbəb ola bilər. Alimlər insanlarda müşahidə olunan nəticələri siçanlar üzərində də sınaqdan keçiriblər. Geniş təsir spektrli bir antibiotik verilən siçanlara şəkər əlavə edildikdə, “Enterococcus” bakteriyalarının miqdarının üçüncü gündə 16 dəfə, altıncı gündə isə 33 dəfə artdığı müşahidə olunub.
Araşdırmaya əsasən, orta göstəricidən daha çox şəkər qəbul edən xəstələrin transplantasiyadan sonra ölüm riski digər xəstələrlə müqayisədə təxminən 12 faiz yüksək olub. “Enterococcus” bakteriyasının həddindən artıq artmasının antibiotik müalicəsindən sonra təxminən səkkiz gün davam etdiyi bildirilib.\sfera.az\


