Cagdas.az-ın xəbərinə görə, iş planında ilk növbədə Mili Məclisin deputatlarının, Prezidentin, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin müzakirəsi məsələsi daxil edilib.
Bundan başqa, sessiya müddətində komitə rəhbərliyi və üzvləri tərəfindən vətəndaşlar (seçicilərin) qəbul ediləcək, müraciətlərə baxılacaq, aidiyyəti qurumlara göndəriləcək və cavablandırılması üzrə işlər həyata keçiriləcək.
İnsan hüquqları komitəsi payız sessiyasında “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi – xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair”, rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələr təşkil edəcək.
Eyni zamanda, regionlarda insan hüquqları, ərazi bərabərliyi və dövlət xidmətlərinə çıxış imkanlarının vəziyyəti haqqında regional monitorinq və analitik arayışın hazırlanması planlaşdırılır.
İş planına əsasən, komitə “İctimai yerlərdə audio və video çəkiliş hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması arasında hüquqi balans” mövzusunda müqayisəli hüquqi icmal hazırlayacaq.
İnzibati orqanların və inzibati məhkəmələrin qərarlarının icra vəziyyətinin öyrənilməsi ilə bağlı hüquqi monitorinq və qanunvericilik təkliflərinin hazırlanması da nəzərdə tutulub.
Bundab başqa, iş planında “əlilliyi olan şəxslərin dövlət və özəl xidmətlərə çıxışında fiziki və rəqəmsal əlçatanlıq” mövzusunda monitorinq hesabatı və siyasət tövsiyələrinin hazırlanması, veteranların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial və hüquqi təminatlarının beynəlxalq təcrübə ilə müqayisəsi əsasında müqayisəli siyasət sənədinin hazırlanması, “demoqrafik dəyişikliklər və uzunmüddətli sosial qayğı siyasəti” mövzusunda beynəlxalq təcrübə icmalının hazırlanması, “azad edilmiş ərazilərdə insan hüquqlarının təmin olunması: qayıdış, mülkiyyət, xidmətlərə çıxış və inklüziv məskunlaşma” mövzusunda monitorinq və siyasət tövsiyələrinin hazırlanması kimi məsələlər yer alıb.\ölkə.az\















