Cagdas.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin iyun ayı üzrə məlumatına görə, Bakıda yeni tikili mənzillərin median qiyməti 2 767 manat, köhnə tikililərdə isə 2 620 manat olub. İlin əvvəlindən yeni tikililərdə qiymət indeksi 4,8 faiz, köhnə tikililərdə isə 4 faiz artıb. Palatanın məlumatına görə, bazarda bahalaşma davam etsə də, qiymət dinamikası daha çox mülayim və balanslı xarakter daşıyır.
Bəs Bakıda mənzillərin bahalaşması nə vaxta qədər davam edəcək? Qiymət artımına hansı amillər təsir edir və yaxın aylarda ucuzlaşma ehtimalı varmı?
Əmlak məsələləri üzrə ekspert İlham Verdiyev saytımıza açıqlamasında bildirib ki, mənzil qiymətlərinin formalaşmasında əsas amil tələb və təklif arasındakı nisbətdir. Onun fikrincə, tələb yüksək olaraq qalarsa, xüsusilə sənədləri qaydasında olan və əlverişli ərazilərdə yerləşən mənzillərin qiyməti artmaqda davam edə bilər.
Ekspert hesab edir ki, bahalaşmanın sürəti əvvəlki dövrlə müqayisədə zəifləyə bilər. O bunu alıcılıq qabiliyyətinin müəyyən həddə çatması ilə əlaqələndirir:
“Qiymətlər yüksəldikcə əhalinin daha böyük hissəsi mənzil almaq qərarını təxirə salır və ya daha ucuz ərazilərə yönəlir. Bu isə bazarda tələbin müəyyən qədər balanslaşmasına səbəb olur”.
Bakının rayonları arasında da ciddi qiymət fərqləri var. AQP-nin məlumatına əsasən, Səbail, Nərimanov və Nəsimi rayonları daha yüksək qiymət səviyyəsi ilə seçilir. Yasamal, Nizami, Xətai və Binəqədi rayonlarında isə qiymətlər nisbətən aşağıdır.
Mütəxəssislərin fikrincə, mənzil bazarında kəskin ucuzlaşmanın baş verməsi üçün ya tələbin əhəmiyyətli dərəcədə azalması, ya da təklifin ciddi şəkildə artması lazımdır. Əks halda, qiymət artımının sürətinin zəifləməsi və bəzi ərazilərdə sabitliyin yaranması daha mümkün görünür.
İlham Verdiyev bildirib ki, Bakıda mənzillərin bahalaşmasının konkret olaraq nə vaxt dayanacağını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, mövcud göstəricilər bazarda artımın davam etdiyini, lakin qiymətlərin əvvəlki dövrlərdəki kimi sürətlə deyil, daha tədricən yüksəldiyini göstərir.
“Yaxın dövrdə əsas sual qiymətlərin düşüb-düşməyəcəyindən daha çox, artım tempinin nə qədər zəifləyəcəyi olacaq”, – ekspert fikrini yekunlaşdırıb.\metbuat.az\


