Parlamentlərdə yaş məsələsi zaman-zaman diqqət çəkən mövzu olub.
Rusiya, Azərbaycan, Türkiyə, Ukrayna və digər ölkələrin qanunverici orqanlarında pensiya yaşını geridə qoyan, 70-i, hətta 80-i keçən deputatlar fəaliyyət göstərir.
Cagdas.az bildirir ki Modern.az yaxın region və qonşu ölkələr də daxil olmaqla 12 dövlətin parlamentində ən yaşlı deputatların kim olduğunu araşdırıb. Maraqlıdır ki, siyahının ilk sıralarında yalnız peşəkar siyasətçilər deyil, akademik, həkim, hüquqşünas və elm xadimləri də yer alır.
Rusiya – Vladimir Resin, 90 yaş
Siyahının ən yaşlı üzvü Rusiyadadır. Vladimir Resin 21 fevral 1936-cı ildə anadan olub və hazırda 90 yaşındadır.
V.Resin hakim “Vahid Rusiya” partiyasının üzvüdür və uzun illərdir ki, Dövlət Dumasının deputatıdır. O, daha əvvəl Moskvanın tikinti kompleksinə rəhbərlik edib, daha sonra paytaxt merinin birinci müavini vəzifəsində çalışıb.
Rusiyada yenicə başa çatan 2026-cı il parlament seçkilərində Vladimir Resin yenidən “Vahid Rusiya”nın Moskva üzrə siyahısında yer alıb və seçkidən sonra IX çağırış Dövlət Dumasına mandat qazanan namizədlərdən biri olub.
Vladimir Resinlə bağlı maraqlı fakt: 2021-ci ildə VIII çağırış Dövlət Dumasının ilk iclasını yaşca ən böyük deputat kimi o açmalı idi. Lakin V.Resin həmin vaxt bu hüququ özündən bir yaş kiçik Valentina Tereşkovaya vermişdi.
Yeri gəlmişkən, keçmiş SSRİ-nin ilk qadən kosmonavtı olmuş Valentina Tereşkova 89 yaşında yenidən deputat olub. O, hakim “Vahid Rusiya” partiyasının üzvü kimi IX çağırış Dövlət Dumasında yer qazanıb. Tereşkova seçkilərdə partiyanın siyahısına başçılıq edib.
Azərbaycan – Ziyad Səmədzadə, 86 yaş
Azərbaycan Milli Məclisinin ən yaşlı deputatı akademik Ziyad Səmədzadədir.
O, 25 iyun 1940-cı ildə Bakıda anadan olub. İqtisad elmləri doktoru, professor və AMEA-nın akademikidir. Milli Məclisin saytında onun partiya mənsubiyyəti bitərəf göstərilib.
Ziyad Səmədzadə 2024-cü il sentyabrın 23-də yenidən deputat seçilib və 23 saylı Nəsimi-Səbail seçki dairəsini təmsil edir. O, hazırda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. O, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna da rəhbərlik edir.
Akademik Ziyad Səmədzadə ümumilikdə 8 dəfə deputat seçilib: Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı olub (2005-ci ildən bəri fasiləsiz olaraq).
O, daha əvvəl sovet və keçid dövründə də 3 dəfə deputat seçilib: Azərbaycan SSR Ali Sovetinin X, XI və XII çağırış deputatı olub (XII çağırış dövründə, yəni 1990–1995-ci illərdə həm də müstəqillik ərəfəsində Ali Sovet sədrinin birinci müavini vəzifəsini icra edib).
Ukrayna – Yuli İoffe, 85 yaş
Ukrayna Ali Radasının ən yaşlı deputatı Yuli İoffedir.
10 dekabr 1940-cı ildə anadan olan İoffe hazırda 85 yaşındadır. O, müxtəlif çağırışlarda Ukrayna parlamentinin deputatı olub və hazırda “Həyat və Sülh Platforması” deputat qrupunun üzvüdür.
Ali Radanın rəsmi məlumatına görə, İoffe 2019-cu ildə “Müxalifət Platforması – Həyat uğrunda” partiyasının siyahısından parlamentə seçilib. Hazırda isə deputat qrupunda fəaliyyət göstərir.
Onun parlamentçilik tarixçəsi olduqca uzundur: rəsmi məlumatlarda I, II, III, IV, VII, VIII və IX çağırışlarda deputat olduğu göstərilir.
Moldova – Vladimir Voronin, 85 yaş
Moldova parlamentinin ən yaşlı deputatı ölkənin keçmiş prezidenti Vladimir Voronindir.
25 may 1941-ci ildə anadan olan V.Voronin hazırda 85 yaşındadır. Moldova parlamentinin məlumatına görə, o, 2025-ci ildə keçirilən seçkilərdən sonra formalaşan XII çağırış parlamentin ən yaşlı deputatı olub. Həmin vaxt onun 84 yaşı vardı.
Voronin parlamentə Kommunistlər və Sosialistlər blokunun siyahısından seçilib. O, hazırkı parlamentdə artıq 9-cu deputatlıq mandatını daşıyır.
V.Voroninin siyasi karyerasının ən mühüm mərhələsi isə Moldova prezidentliyi ilə bağlıdır. O, 2001–2009-cu illərdə Moldova prezidenti olub. Bundan əvvəl və sonra uzun müddət Moldova Kommunistlər Partiyasına rəhbərlik edib.
Moldova parlamentinin məlumatına görə, 2025-ci il seçkilərindən sonra yeni qanunverici orqanda ən gənc deputatların yaşı 26, ən yaşlı deputatın – Vladimir Voroninin yaşı isə 84 olub.
Ermənistan – Knyaz Hasanov, 81 yaş
Ermənistan parlamentində ən yaşlı deputat Knyaz Hasanovdur. O, milliyətcə yezidi kürddür.
K.Həsənov 17 yanvar 1945-ci ildə anadan olub və hazırda 81 yaşındadır. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatıdır.
Knyaz Həsənov parlamentə hakim partiyanın siyahısı üzrə milli azlıqlar (kürd icması) üçün ayrılmış xüsusi kvota ilə seçilib.
O, qanunverici orqanda hakim partiyanın fraksiyasında təmsil olunur və səsvermələrdə hakimiyyətin mövqeyini dəstəkləyir
K.Həsənov bundan əvvəl də Ermənistan parlamentinin müxtəlif çağırışlarında təmsil olunub.
Türkiyə – Dövlət Baxçalı, 78 yaş
Türkiyə Böyük Millət Məclisinin (TBMM) ən yaşlı deputatı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıdır.
D.Baxçalı 1948-ci ildə anadan olub və 2026-cı ildə 78 yaşını tamamlayıb. TBMM-nin rəsmi saytında onun 28-ci çağırış Osmaniyə millət vəkili olduğu göstərilir.
MHP sədri uzun illərdir Türkiyə siyasətində və parlamentində fəaliyyət göstərir. TBMM-nin məlumatına görə, o, 21, 23, 24, 25, 26 və 27-ci çağırışlarda da Osmaniyədən deputat seçilib.
Dövlət Baxçalı 2023-cü ildə formalaşan hazrkı parlamentin ən yaşlı deputatı kimi qeydə alınıb.
İran – Əlaəddin Borucərdi, 75 yaş
İran parlamentinin (İslam Şurası Məclisi) hazırda ən yaşlı üzvü Əlaəddin Borucərdidir.
21 mart 1951-ci ildə anadan olan Borucərdi hazırda 75 yaşındadır. O, 2024-cü ildə parlamentə seçilərkən 73 yaşında idi.
Ə.Borucərdinin adı xüsusilə parlamentin ilk iclası ilə bağlı yadda qalıb. XII çağırışın ilk iclasında ən yaşlı deputat olduğu üçün parlamentin müvəqqəti rəhbərliyində yer alıb.
Özbəkistan – Nariman Umarov, 74 yaş
Özbəkistanın Qanunvericilik Palatasının ən yaşlı deputatı Nariman Umarovdur.
N.Umarov 1952-ci il doğumludur və hazırda 74 yaşındadır. 2024-cü ildə yeni parlament formalaşarkən o, 72 yaşla ən yaşlı deputat kimi qeydə alınmışdı.
Özbəkistan parlamentinin rəsmi deputat siyahısında N.Umarov “Adolat” Sosial-Demokrat Partiyasının fraksiyasının üzvü kimi qeyd olunur. O, Demokratik institutlar və vətəndaş cəmiyyətinin inkişafı məsələləri komitəsində fəaliyyət göstərir.
Nariman Umarov daha əvvəl “Adolat” Partiyasının rəhbərliyində də təmsil olunub və seçkilərdə Özbəkistan prezidentliyinə namizəd kimi iştirak edib.
Gürcüstan – Vladimer Kaxadze, 72 yaş
Gürcüstan parlamentinin ən yaşlı deputatı Vladimer Kaxadzedir.
28 oktyabr 1953-cü ildə anadan olan Kaxadze 72 yaşındadır. O, ixtisasca həkim-radioloqdur.
Gürcüstan parlamentinin rəsmi saytında V.Kaxadze hakim “Gürcü Arzusu” fraksiya üzvü kimi göstərilib.
Türkmənistan – Baylı Seyilov, 67 yaş
Türkmənistan Məclisinin ən yaşlı deputatı Baylı Toyliyeviç Seyilovdur.
Seyilov 19 fevral 1959-cu ildə Daşoğuz vilayətində anadan olub və hazırda 67 yaşındadır.
Türkmənistan parlamentinin rəsmi saytında o, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi komitəsinin üzvü kimi göstərilir. Seyilov 52 saylı “Aksaraý” seçki dairəsini təmsil edir.
O, hüquq təhsili alıb və müxtəlif illərdə kənd təsərrüfatı, hüquq və yerli idarəetmə sahələrində çalışıb. Parlament saytındakı rəsmi bioqrafiyasına görə, o, vaxtilə Türkmənistan Kommunist Partiyasının rayon komitəsində də çalışıb.
Belarus – İvan Qordeyçik, 69 yaş
Belarus parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının ən yaşlı deputatı İvan Qordeyçikdir.
1957-ci il doğumlu Qordeyçik 69 yaşındadır. O, 2024-cü il seçkiləri zamanı 66 yaşında idi.
İvan Qordeyçik bitərəf deputat kimi tanınır. O, Belarus Veteranlar Birliyinin keçmiş rəhbəri olub.
Qazaxıstan – Erlan Batırbekov, 65 yaş
Qazaxıstanda 2026-cı ildə parlament sistemi dəyişdiyi üçün burada ayrıca diqqət çəkən vəziyyət yaranıb. Yeni birpalatalı Kurultayın ən yaşlı üzvü Erlan Batırbekovdur.
E.Batırbekov 1961-ci il doğumludur və parlamentə seçilərkən 65 yaşında olub.
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası 23 avqust 2026-cı il seçkilərindən sonra Batırbekovu Kurultayın deputatı kimi qeydiyyata alıb.
Batırbekovun əsas fəaliyyəti elm və nüvə energetikası ilə bağlı olub. O, Qazaxıstanın Milli Nüvə Mərkəzində rəhbər vəzifələrdə çalışıb.


