Cagdas.az xəbər verir ki, bu barədə qastroenteroloq Andrey Simakov “Lenta.ru”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, 50 yaşdan sonra qidalanmada zülal mənbələrinin miqdarını artırmaq vacibdir.
“Gənc insan üçün adətən hər kiloqram çəkiyə gündəlik 0,8 qram zülal kifayət edir. Daha yaşlı dövrdə isə bu göstərici 1-1,1 qrama çatmalıdır”, – deyə həkim bildirib.
A.Simakov qeyd edib ki, 50 yaşdan sonra arıqlamaq məqsədilə qida qəbulunu kəskin azaltmaq məsləhət deyil. Çünki bu zaman çəki ilə yanaşı əzələ kütləsi də azalır və yaş artdıqca onu bərpa etmək daha çətin olur.
Həkim həmçinin kalsium mənbəyi kimi süd və turş süd məhsullarının daha çox istehlak edilməsini tövsiyə edib. Onun sözlərinə görə, xüsusilə 50 yaşdan yuxarı qadınlar üçün bu məhsullar vacibdir, çünki həmin yaşlarda osteoporoz riskinin artması müşahidə olunur.
Əgər orqanizm laktozanı qəbul etmirsə, laktozasız süd məhsullarından istifadə etmək mümkündür. Həkim bildirib ki, bu məhsulların dadında müəyyən fərqlər olsa da, onların tərkibində də kalsium mövcuddur.
Qastroenteroloq meyvə və tərəvəzlərin də qidalanmadan çıxarılmamasını tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullar orqanizmi vacib liflə təmin edir.
O əlavə edib ki, sağlamlıqla bağlı xüsusi məhdudiyyətlər yoxdursa, Aralıq dənizi pəhrizinə əməl etmək olar. Ürək-damar problemləri olan şəxslər üçün isə DASH pəhrizi uyğun hesab edilir.
Mütəxəssis vurğulayıb ki, hər iki qidalanma sistemi bədən çəkisinin, arterial təzyiqin və xolesterin səviyyəsinin normada saxlanılmasına kömək edir.\ölkə.az\


