Azərbaycanda istehlak kreditlərinin ümumi portfelinin 10 milyard manata yaxınlaşması bank sektorunda kreditləşmənin genişləndiyini göstərir. Lakin bu rəqəmi yalnız əhalinin istehlak imkanlarının və ya kredit tələbinin artması kimi qiymətləndirmək doğru olmaz. Çünki portfel artımının bir hissəsi yeni borclanma ilə yanaşı, mövcud borcların refinanslaşdırılması, yəni bir bankdakı kreditin digər bankın krediti hesabına bağlanması ilə formalaşır.
Refinansiya özü normal maliyyə alətidir. Borcalan daha aşağı faiz və ya daha əlverişli şərtlərlə kredit götürərək əvvəlki borcunu bağladıqda real fayda əldə edə bilər. Lakin burada statistik məsələ ortaya çıxır:
əvvəlki borc bağlansa da, yeni kredit ayrıca kredit kimi qeydə alınır. Beləliklə, iqtisadiyyata əlavə vəsait daxil olmadığı halda kreditləşmənin dövriyyəsi və yeni kreditlərin həcmi artır. Buna görə ümumi kredit portfelinin böyüməsi real yeni borclanma ilə mövcud borcların yenidən maliyyələşdirilməsi arasındakı fərqi avtomatik göstərmir.
Bu fərqin müəyyənləşdirilməsi xüsusilə vacibdir. Kredit portfelinin artımında üç müxtəlif amil bir-birinə qarışa bilər: əhalinin real istehlak tələbinin artması, qiymətlərin yüksəlməsi fonunda eyni məhsul və xidmətlərin daha böyük məbləğdə kreditlə alınması və mövcud borcların banklar arasında miqrasiyası. Bu komponentlər ayrılmadan 10 milyard manatlıq portfelin iqtisadiyyat üçün nə dərəcədə yeni borc yükü yaratdığını dəqiq qiymətləndirmək çətindir.
Refinansiyanın banklar üçün də kommersiya baxımından cəlbedici tərəfləri var. Bank rəqibin müştərisini özünə cəlb edir, yeni kredit müqaviləsi üzrə faiz, komissiya və digər xidmət gəlirləri əldə edir.
Borcalan isə aylıq ödənişi azalda və ya borcun müddətini uzada bilər. Ancaq aylıq ödənişin azalması həmişə borcun ucuzlaşması demək deyil. Müddətin uzadılması, yeni faiz və komissiyalar nəticəsində kreditin ümumi maya dəyəri arta bilər.
Daha ciddi məsələ isə borcalanın real maliyyə yükünün qiymətləndirilməsidir. Şəxs eyni vaxtda bir neçə bankdan kredit götürür və borclarını bir bankdan digərinə refinanslaşdırırsa, yalnız ayrı-ayrı kreditlərin statistikasına baxmaq onun faktiki borcluluğunu tam göstərməyə bilər. Bu baxımdan kredit bürosu məlumatları əsasında fərdi borcalanların çoxbanklı borclanmasının aqreqat səviyyədə təhlili mühüm əhəmiyyət daşıyır.
Risk yalnız fərdi borcalanla məhdudlaşmır. Əgər kredit portfelinin əhəmiyyətli hissəsi yeni istehlakdan deyil, mövcud borcların yenidən maliyyələşdirilməsindən yaranırsa, kredit artımı real tələbin göstəricisi kimi yanlış şərh edilə bilər. Eyni zamanda borc/gəlir nisbəti, gecikmələr və kredit keyfiyyəti ilə bağlı risklərin müəyyən hissəsi gec üzə çıxa bilər. İqtisadi şok, gəlirlərin azalması və ya işsizliyin artması zamanı bu risklər daha aydın görünür.
Ona görə 10 milyard manatlıq göstəriciyə münasibətdə əsas sual kredit portfelinin nə qədər böyüməsi deyil, bu artımın nədən ibarət olmasıdır. Mərkəzi Bank və kredit bürosu səviyyəsində yeni kreditlə refinansiya və borc restrukturizasiyasının ayrıca izlənməsi, çoxbanklı borclanma barədə aqreqat göstəricilərin açıqlanması və borcalanın bütün öhdəliklərini vahid şəkildə görə bilməsi şəffaflığı artırar.
Nəticədə 10 milyard manat nə avtomatik olaraq təhlükə siqnalıdır, nə də birmənalı şəkildə müsbət göstərici. Əsas məsələ rəqəmin tərkibidir. Əgər artım əsasən yeni istehlak və gəlirlərlə dəstəklənən kredit tələbindən yaranırsa, bu, bir prosesdir; mövcud borcların davamlı şəkildə yenidən maliyyələşdirilməsi hesabına formalaşırsa, tamam başqa mənzərə yaranır. Buna görə kredit statistikasında yalnız həcmi deyil, onun mənbəyini və strukturunu göstərən məlumatlar əsas göstəriciyə çevrilməlidir./Referans Media/
















