Son illər Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına aktiv şəkildə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Dövlət proqramları, özünəməşğulluq təşəbbüsləri və kvota sistemləri bu həssas qrupun cəmiyyətdə iqtisadi müstəqilliyini təmin etməyə xidmət edir.
Cagdas.az əlilliyi olan şəxslərlə bağlanan əmək müqavilələrinin sayını öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu yönləndirib.
Sorğuya cavab olaraq bildirilib ki, əlilliyi olan şəxslərlə bağlanan əmək müqavilələrinin sayı hazırda 56,7 mindir. Onlardan 35,6 mini kişilərlə, 21,1mini isə qadınlarla bağlanıb.
Əmək müqaviləsi bağlanmış əlilliyi olan şəxslərin 4,4 min nəfəri 19-30 yaş, 24,5 mini 31–50 yaş, 25,3 mini 51–65 yaş aralığında, qalanları isə digər yaşlarda olanlardır.


