Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycana ixrac tədarükünə başlanılacağı barədə bəyanatı iki ölkə arasında iqtisadi münasibətlərin bərpası istiqamətində yeni mərhələnin əsasını qoyur. Hazırda hansı malların gətiriləcəyi ilə bağlı rəsmi siyahı tam açıqlanmasa da, prosesin real müstəviyə keçdiyi aydın görünür. Ticarət dövriyyəsinin ilk mərhələdə böyük həcmlərlə deyil, kiçik partiyalarla başlanacağı gözlənilir. Qarşılıqlı gömrük, logistika və sertifikatlaşdırma mexanizmləri tam formalaşdıqdan sonra məhsul çeşidinin artması istisna edilmir. Bu addım yalnız iqtisadi baxımdan deyil, həm də regionda dayanıqlı sülhün və normal qonşuluq münasibətlərinin bərqərar olması baxımından strateji əhəmiyyət kəsb edir. Ekspertlər ilkin mərhələdə xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunun ön plana çıxacağını bildirirlər.

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Oxu24.com -a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Ermənistanın mövcud ixrac potensialı nəzərə alınarkən ilk növbədə kənd təsərrüfatı məhsulları önə çıxır:
“Xüsusilə meyvə-tərəvəz, ərik, şaftalı, gilas, gavalı, çiyələk, pomidor və bibər kimi kənd təsərrüfatı malları real namizədlər sırasındadır. Ermənistan hökuməti də hazırda məhz bu istiqamətdə ixracı stimullaşdırmağa çalışır. Bununla yanaşı, balıq (xüsusilə alabalıq), mineral sular, qurudulmuş meyvə-tərəvəz, şərab və digər içkilərin də potensial ixrac istiqamətləri olması mümkündür”.
İqtisadçının sözlərinə görə, Rusiya bazarında yaranan məhdudiyyətlər Yerevanı alternativ bazarlar axtarmağa vadar edir və bu baxımdan Azərbaycan bazarı onlar üçün cəlbedicidir.
O qeyd edib ki, daha uzunmüddətli perspektivdə söhbət təkcə ərzaq məhsullarından getməyə bilər:
“Ermənistanın mədən sənayesi, xüsusilə dəmir filizi və digər mineral xammalın Azərbaycana çıxarılması, hətta gələcəkdə enerji mübadiləsi və digər sənaye məhsulları üzrə işbirliyi imkanları da yarana bilər. Lakin ilkin mərhələdə ticarətin təməli gömrük, logistika və ödəniş mexanizmlərinin problemsiz qurulmasından asılı olacaq”.
Yekun olaraq qeyd edək ki, iki ölkə arasında qarşılıqlı ticarətin başlanması yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də Cənubi Qafqazda kommersiya və nəqliyyat əlaqələrinin bərpasına xidmət edir. Yaxın vaxtlarda idxal-ixrac proseduruna dair aidiyyəti qurumlar tərəfindən hüquqi və texniki çərçivənin tam dəqiqləşdiriləcəyi və ilkin tədarükün icrasına başlanacağı gözlənilir.
















