ABŞ Prezidenti Donald Trampın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) göndərdiyi nümayəndənin Kreml ilə dialoqu bərpa etmək məqsədi daşıyan gizli diplomatik missiya həyata keçirdiyi iddia olunur.
Çağdaş.Az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyətinə rəhbərlik edən Rodni Mims Kuk Jr. rəsmi olaraq ABŞ İncəsənət Komissiyasının sədri qismində forumda iştirak edib və səfərin məqsədi ikitərəfli mədəni əlaqələrin inkişafı kimi təqdim olunub.
Lakin qəzet yazır ki, bu səfər “diplomatik əlaqələrin bərpası baxımından güclü simvolik məna daşıyıb”. FT-nin mənbələrinin sözlərinə görə, Vaşinqton hesab edirdi ki, bu cür nümayəndələr Ukrayna münaqişəsi ilə bağlı yaranmış diplomatik dalandan çıxmağa kömək edə bilər.
Rodni Mims Kuk Jr. Donald Trampın ilk prezidentlik dövrünün sonunda ABŞ İncəsənət Komissiyasına təyin edilmişdi. Co Bayden administrasiyası dövründə komissiyanın tərkibi dəyişdirilsə də, Tramp Ağ evə qayıtdıqdan sonra o yenidən vəzifəsinə qaytarılıb.
Bu il keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ABŞ nümayəndə heyətinin iştirakı son bir neçə ildən sonra ilk belə səfər olub.
Qeyd edək ki, Rodni Mims Kuk Jr. daha əvvəl də Rusiyada olub. O, Kremlin Silah Palatasında, Yasnaya Polyana muzey-qoruğunda və Arxangelskoye malikanəsində memarlıq mövzusunda mühazirələr oxuyub, həmçinin Yeni Qüds monastırının Dirilmə kafedralının bərpasında müstəqil ekspert kimi iştirak edib.
















