Cagdas.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Naqoya Universitetindən Yoşizumi Miyosinin rəhbərlik etdiyi tədqiqat qrupu araşdırma zamanı Van Allen radiasiya qurşaqlarında baş verən dəyişiklikləri təhlil edib. Bu qurşaqlar Yerin ətrafında yerləşən və yüksək enerjili hissəciklərdən ibarət iki halqavari bölgədir.
Belə hissəciklər kosmik aparatların elektron sistemlərinə zərər verə, həmçinin kosmosda çalışan astronavtlar üçün əlavə radiasiya təhlükəsi yarada bilər.
2014-cü ildə “Van Allen Probes” zondlarının məlumatları əsasında Yerin mərkəzindən təxminən üç radius məsafəsində yerləşən və elektronların keçə bilmədiyi hesab edilən sərhəd müəyyənləşdirilmişdi. Lakin 2018-ci ildə alimlər bu maneənin güclü geomaqnit fırtınaları zamanı müvəqqəti olaraq aradan qalxa biləcəyini ehtimal etmişdilər.
2024-cü ilin mayında Günəşdə baş verən aktivlik nəticəsində G5 sinifli, yəni ən yüksək səviyyəli geomaqnit fırtınası yaranıb. Bu hadisə zamanı Yerin plazmasferində sıxlığın azalması xüsusi elektromaqnit dalğalarının – “chorus waves” adlanan dalğaların formalaşmasına şərait yaradıb. Alimlər bildirirlər ki, quşların nəğməsini xatırladan bu dalğalar həmin şəraitdə elektronları zəiflətmək əvəzinə, onların enerjisini artırıb.
2017-ci ildən Yerin radiasiya qurşaqlarını araşdıran “Arase” peyki fırtınanın zəifləməsi zamanı enerjisi təxminən 3 MeV olan elektronların axınında kəskin artım qeydə alıb. Göstərici hadisədən əvvəlki səviyyə ilə müqayisədə 5000 dəfədən çox yüksəlib.
Müşahidələrə əsasən, əvvəlcə daha aşağı enerjili hissəciklər, təxminən 12 saat sonra daha yüksək enerjili elektronlar, bir gün sonra isə 3 MeV-dən artıq enerjiyə malik hissəciklər qeydə alınıb. Bu ardıcıllıq elektronların həmin ərazidə sürətləndiyini göstərir.
Tədqiqatçılar bildiriblər ki, radiasiya səviyyəsinin yüksəlməsi bir neçə ay davam edib və 2024-cü ilin oktyabrınadək müşahidə olunub.
Alimlərin fikrincə, əldə edilən nəticələr kosmik aparatların radiasiya risklərinin qiymətləndirilməsi və kosmik hava hadisələrinin daha dəqiq proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


