Son illərdə sosial şəbəkələrdə ikinci əl geyimlərin satışı geniş yayılıb. “Thrift shop” və “second hand” platformaları həm daha ucuz alış-veriş imkanı təklif edir, həm də təkrar istifadəyə töhfə verir. Lakin ikinci əl geyimlər müəyyən gigiyenik risklər də daşıyır və dəri xəstəlikləri baxımından ehtiyatlı olmaq vacibdir.
Cagdas.az bildirir ki,Dermatoveneroloq Cavad Paşabəyli açıqlamasında ikinci əl geyimlərin yaratdığı infeksiya və allergiya təhlükələri barədə danışıb.
Həkim bildirib ki, bəzi ikinci əl paltarlar saxlanma prosesində kimyəvi maddələrlə işlənə və bu, dəridə allergik təsirlərə səbəb ola bilər:
“Əgər paltarların ikinci əl kimi istifadə olunması üçün hər hansı kimyəvi qatqılar və ya saxlanma şəraitini yaxşılaşdırmaq üçün istifadə olunan tozlar tətbiq olunursa, dəridə kontakt dermatit və allergik reaksiyalar yarana bilər. Amma bunlar daha az faizlə rast gəlinir”.
Onun sözlərinə görə, əsas təhlükə infeksion və parazitar xəstəliklərlə bağlıdır:
“İkinci əl paltarlardan insan bədəninə keçə biləcək ən ciddi xəstəliklər qrupu infeksion-parazitar xəstəliklərdir. Bunlar əsasən bakteriya, göbələk və parazitar mənşəli olur. Ən çox göbələk və parazitar xəstəliklərin ikinci əl geyimlərdən keçməsi müşahidə edilir”.

C. Paşabəyli xüsusilə paltar biti və qoturluq gənəsinin təhlükəsinin daha yüksək olduğunu söyləyib:
“Parazitar xəstəliklər deyəndə burada əsas nəzərdə tutulur ki, paltar biti və qoturluq gənələri daha çox diqqətə alınmalıdır. Buna görə ikinci əl paltar alarkən düzgün dezinfeksiya tədbirləri görülməlidir. Ən yaxşı üsul odur ki, paltarlar ev şəraitində yaxşıca qaynadılmalı, həm iç, həm çöl tərəfi qaynar ütü ilə ütülənməlidir. Yuyulduqdan sonra paltarlar günəş şüası düşən, külək alan yerdə sərilib qurudulmalıdır. Bu şəkildə hazırlandıqdan sonra istifadəyə yararlı hesab edilə bilər”.
Ekspert hesab edir ki, ikinci əl geyimlər cəlbedici qiymət təklif etsə də, gigiyena qaydalarına riayət edilmədikdə dəri infeksiyaları və allergik problemlər yarada bilər.(sfera.az)
















