“Uşaqların sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı qidanın məktəb ərazisində satışına şərait yaradılması birbaşa idarəetmə nəzarətsizliyinin göstəricisidir. İcarədar şirkətlərin mənfəət maraqlarının şagirdlərin fundamental yaşamaq və sağlamlıq hüququndan üstün tutulması qəbuledilməzdir”.
Çağdaş.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Gəncə şəhərində azyaşlı məktəblilərin kütləvi şəkildə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi məktəblərdə qida təhlükəsizliyi və sanitariya-gigiyena məsələlərinə daha ciddi yanaşılmasının vacibliyini göstərir.
İ.Orucov bildirib ki, məktəblilərin qidalanması yalnız gündəlik qida ehtiyacının ödənilməsi məsələsi deyil:
“Məktəb yaşlı uşaqların fiziki inkişafı və intellektual fəaliyyəti birbaşa onların qidalanma keyfiyyətindən asılıdır. Bu baxımdan məktəb bufetlərində satılan məhsulların yararlılıq müddəti, saxlanma şəraiti və mənşəyi üzərində effektiv nəzarət mexanizmlərinin olması olduqca vacibdir”.
Ekspert hesab edir ki, Gəncədə baş verən hadisəyə yalnız konkret bir müəssisədə yol verilmiş nöqsan kimi yanaşmaq düzgün olmaz. Onun fikrincə, belə hadisələr məktəblərdə qidalanma sisteminin bütövlükdə yenidən nəzərdən keçirilməsini zəruri edir.
“Baş vermiş hadisə sadəcə bir nöqsan deyil, mövcud məktəb qidalanma sisteminin struktur, hüquqi və idarəetmə prinsiplərinin yenidən nəzərdən keçirilməsini tələb edən ciddi siqnaldır”, – deyə İlqar Orucov vurğulayıb.
Onun sözlərinə görə, belə hallarda məsuliyyət yalnız qida məhsulunu satan şəxs və ya icarədar şirkətin üzərinə qoyulmamalıdır. Çünki məktəb bufetlərinin fəaliyyətinə nəzarət mexanizmlərinin necə qurulduğu da araşdırılmalıdır.
“Məktəb qidalanması ilə bağlı həm hüquqi, həm idarəetmə, həm də nəzarət mexanizmləri daha effektiv qurulmalıdır. Uşaqların sağlamlığı ilə bağlı risklər yarandıqda məsuliyyəti yalnız məhsulu satan şəxsin və ya şirkətin üzərinə qoymaq problemin kökündən həllinə imkan vermir”, – deyə müsahibimiz bildirib.
İ.Orucovun sözlərinə görə, bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturlarının üzərinə də mühüm vəzifələr düşür. Məktəb bufetlərində fəaliyyət göstərən icarədarların fəaliyyəti, məhsulların dövriyyəsi, saxlanma və satış şərtləri mütəmadi nəzarətdə saxlanılmalıdır.
Ekspert məktəb rəhbərliyinin məsuliyyətinə də diqqət çəkib:
“Təhsil müəssisəsinin ərazisində fəaliyyət göstərən iaşə obyektində şagirdlərin sağlamlığına təhlükə yarada biləcək məhsulların satışına yol verilməsi idarəetmə və daxili nəzarət mexanizmlərinin nə dərəcədə işlək olduğunu da ortaya qoyur”.
İlqar Orucov hesab edir ki, məktəblərdə qida təhlükəsizliyinin təmin olunması çoxtərəfli məsuliyyət tələb edir. Burada dövlət qurumlarının nəzarəti ilə yanaşı, məktəb rəhbərliyinin operativ məsuliyyəti və bufetlərin fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin öhdəlikləri də nəzərə alınmalıdır.
“Ciddi pozuntular aşkar edildiyi halda yalnız inzibati tədbirlərlə kifayətlənmək düzgün yanaşma deyil. Uşaqların sağlamlığına real təhlükə yaradan hallarda məsuliyyət mexanizmlərinin daha sərt tətbiqi məsələsi gündəmə gətirilməlidir”, – deyə o bildirib.
Müsahibimiz məktəb qidalanması sahəsində beynəlxalq təcrübədən istifadə edilməsinin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə məktəb qidalanması ayrı-ayrı bufetlərin fəaliyyətindən daha çox mərkəzləşdirilmiş və standartlaşdırılmış sistem əsasında təşkil olunur.
“Finlandiya, İsveç və Sinqapur kimi qabaqcıl ölkələrdə tətbiq edilən mərkəzi mətbəxlər modeli həm iqtisadi, həm də gigiyenik baxımdan nəzərdən keçirilə biləcək yanaşmalardan biridir. Bu sistemdə qidalar hər bir məktəbdə ayrıca və məhdud imkanlarla hazırlanmaq əvəzinə, xüsusi mərkəzlərdə hazırlanır, laborator nəzarətdən keçirilir və standartlaşdırılmış şəkildə məktəblərə çatdırılır”, – deyə İlqar Orucov qeyd edib.
Onun fikrincə, belə bir model hər məktəbdə ayrıca infrastruktur saxlamaq xərclərini azaltmaqla yanaşı, qida təhlükəsizliyi üzərində vahid nəzarət mexanizmi yaratmağa imkan verə bilər.
Ekspert Azərbaycanda da bu istiqamətdə pilot layihələrin həyata keçirilməsini təklif edir:
“Hesab edirəm ki, Azərbaycanda da hər bir ümumi təhsil müəssisəsində pərakəndə şəkildə iaşə xidməti təşkil etmək əvəzinə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində regional mərkəzləşdirilmiş qidalanma sisteminin tətbiqi geniş ictimai müzakirələrə çıxarılmalıdır”.
İ.Orucovun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt və digər böyük regional mərkəzlərdə belə bir model pilot layihə kimi tətbiq edilə bilər.
“Təhsil idarəçiliyində bufet anlayışından imtina edib sağlam və standartlaşdırılmış iaşə sistemi modelinə keçid etmək məktəblilərin həm fiziki sağlamlığını qorumaq, həm analoji hadisələrin təkrarlanmasının qarşısını almaq, həm də maddi baxımdan əlçatan və keyfiyyətli xidmət təşkil etmək üçün doğru həll yollarından biri ola bilər”, – deyə ekspert əlavə edib.
Şahanə Rəhimli


