Cagdas.az bildiriri ki bazarın vəziyyətini Ölkə.az-a şərh edən əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib ki, artıq uzun müddətdir əmlak bazarında qiymət artımları baş versə də, ciddi şəkildə alıcı qıtlığı müşahidə olunur:
“Son 5 ilin statistikasına nəzər salsaq, bu dövrdə satılan əmlakların böyük bir hissəsinin müxtəlif növ kredit şərtləri ilə satıldığını görərik. Hansısa əmlak kredit şərtləri ilə satılırsa, onun yenidən əmlak bazarında satışa çıxması üçün kreditin bağlanması tələb olunur. Kredit ilə satılan əmlakın ümumi kredit müddəti 10 ildən 25 ilə qədər olur. Alıcıların böyük bir qismi kreditli şərtlərlə mənzil almaq istəsələr də, ipoteka predmetinə çevrilə bilən mənzillərin böyük hissəsi artıq kreditli şərtlərlə satıldığı üçün bazara çıxa bilmir. Bu cür evlərə tələbat artır, həmin evlərin sayında isə ciddi şəkildə azalmalar müşahidə olunur. Bu isə süni formada qiymət artımına gətirib çıxarır”.
Ekspert qiymət artımına yol açan müxtəlif faktorlara diqqət çəkib: “Hazırda paytaxt ərazisində yeni çoxmənzilli yaşayış binalarının tikintisi minimal səviyyədə aparılır. Nəticədə, rəqabətin formalaşmaması qiymət artımına gətirib çıxarır. Digər tərəfdən yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin olmaması və ya onların satış qiymətlərinin kəskin baha olması tikintinin maya dəyərini artırır və bu da qiymətlərə yansıyır”.
E.Fərzəliyev bildirib ki, müştəri qıtlığı olsa da, bu o demək deyil ki, əmlak bazarı tamamilə müştərisiz qalıb: “Müştərilər daha çox birbaşa tikinti şirkətlərinin özlərinə müraciət etdikləri üçün bazar üzərindən real müştərilərin sayı az görünür. Alıcılar alqı-satqı ofislərinə müraciət etməsələr də, paytaxtın müxtəlif ərazilərində böyük tikinti şirkətlərindən daxili kreditlər hesabına mənzillər əldə edirlər”.
Ekspert vurğulayıb ki, əmlak bazarı uzun müddət müştəri qıtlığı ilə üzləşərsə, bu, bazarda süni formada artan qiymətlərin enməsinə və real bazar dəyərinin düşməsinə səbəb ola bilər.
















