Qlobal dövlət borcu, əsasən ABŞ və Çin borcunun artması səbəbindən, əvvəllər proqnozlaşdırılandan iki il tez, 2029-cu ilə qədər qlobal ÜDM-in 100%-ni keçəcək.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib. Onun sözlərinə görə, BVF ABŞ-ni dövlət maliyyəsinin vəziyyətinə diqqət yetirməyə çağırıb.
“ABŞ-nin maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra mövcud vəziyyətin dayanıqlı olmadığı və Vaşinqtonun büdcə kəsirini və dövlət borcunu tədricən azaltmasının zəruri olduğu barədə anlayış yaranıb”, –deyə Georgiyeva bildirib.
O, həmçinin xəbərdarlıq edib ki, yüksək inflyasiyanın davam etməsi mərkəzi bankları uçot dərəcələrini artırmağa məcbur edə bilər. Borclanma xərclərinin artması isə dövlət borcuna xidmət göstərilməsini çətinləşdirəcək:
Bəs böyük iqtisadiyyatların xarici borcu niyə belə sürətlə artır? Bunun dünya iqtisadiyyatı üçün təhlükəsi varmı?
Cagdas.az bildiriri ki bu haqda Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərovun sözlərinə görə, böyük dövlətlərin bu dərəcədə yüksək borclanmasının kökündə bir neçə konseptual səbəb dayanır.

O bu səbəbləri açıqlayıb:
“Hazırda dünya üzrə mövcud olan ümumi dövlət borcunun təxminən 33-35%-i təkbaşına ABŞ-nin, 15-17%-i isə Çinin payına düşür. Bu göstərici o deməkdir ki, qlobal dövlət borc yükünün yarıdan çoxu məhz bu iki iqtisadi nəhəngin öhdəsindədir. Qalan hissənin böyük bir payı da yenə inkişaf etmiş ölkələrə məxsusdur. Məsələn, ümumi borcun təxminən 10%-i Yaponiyanın, əhəmiyyətli hissəsi isə Almaniya, Fransa və Böyük Britaniya kimi Avropanın aparıcı dövlətlərinin payına düşür. Bunların başında iqtisadi böyümə və artan maliyyə ehtiyacı dayanıb. İqtisadiyyat genişləndikcə onun infrastruktur, texnologiya və innovasiya ehtiyacları da həndəsi silsilə ilə artır. Dövlətlər artan xərclərini təkcə cari büdcə və daxili vergi gəlirləri hesabına qarşılaya bilmədikdə, kəsiri borclanma vasitəsilə bağlamağa məcbur olurlar”.
Ekspert sosial xərclərin və demoqrafik təzyiqlərin artmasının da həlledici paya malik olduğunu qeyd edib:
“Əvvəlki dövrlərlə müqayisədə dövlətlərin sosial öhdəlikləri kəskin artıb. Qərb ölkələrində və ABŞ-də təqaüd və səhiyyə sistemlərinə nəhəng vəsaitlər ayrılır. Analoji və daha kritik vəziyyət Yaponiyada müşahidə olunur. Bu ölkədə əhalinin sürətlə qocalması pensiya və tibbi xidmət xərclərini rekorda çatdırıb və dövlət bu boşluğu istiqraz buraxılışı ilə bağlamağa çalışır. Həmçinin beynəlxalq bazarlarda liderliyi qorumaq mübarizəsi böyük kapital tələb edir. Məsələn, Çin texnoloji müstəqillik qazanmaq, sənayeni maliyyələşdirmək üçün dövlət bankları və şirkətləri vasitəsilə nəhəng borclanmaya gedir. Ən əsası da artan müdafiə xərcləridir. Geopolitik gərginliklərin və regional münaqişələrin dərinləşməsi fonunda hərbi büdcələr tarixi rekordları yeniləyir.
Müdafiə sənayesinə ayrılan milyardlarla vəsait birbaşa dövlət borcunun həcmini artırır. Hesab edirəm ki, qlobal dövlət borcunun sürətlə böyüməsi dünya iqtisadiyyatı üçün üç əsas risk yaradır. Bunlardan birincisi odur ki, dövlətlər maliyyə bazarlarındakı kreditlərin böyük hissəsini öz istiqrazlarına cəlb etdikdə, özəl sektor, kiçik və orta biznes üçün resurslar məhdudlaşır. Nəticədə özəl sektor üçün kredit faizləri bahalaşır, investisiya fəallığı düşür və qlobal iqtisadi böyümə tormozlanır. İkinci ən ciddi risk isə odur ki, yüksək borc yükü dövlətlərin gələcək böhranlara qarşı manevr imkanlarını əlindən alır. Sabah yeni bir pandemiya, gözlənilməz müharibə və ya maliyyə şoku baş verərsə, bu ölkələrin büdcədən dəstək paketləri ayırmaq üçün maliyyə ehtiyatı qalmayacaq. Ən təhlükəli ssenari isə qlobal iqtisadiyyatın sütunları sayılan bu nəhəng dövlətlərdən birinin faiz ödənişlərini həyata keçirə bilməməsidir. Bu halda qlobal maliyyə sistemi zəncirvari şəkildə iflic ola və 2008-ci il böhranından daha ağır sarsıntıya səbəb ola bilər”.\modern.az\
















